Tofiq Yaqublu və İlqar Məmmədovun şikayətlərinə baxılacaq

Tofiq Yaqublu və İlqar Məmmədovun şikayətlərinə baxılacaq
# 20 aprel 2016 15:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, proses aprelin 22-də Şəki Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, apellyasiya şikayətləri üzrə məhkəmənin ilkin baxış iclası fevralın 25-də keçirilib. Prosesdə Penitensiar Xidmətin məhkəməyə göndərdiyi məktub oxunub. Məktubda qeyd olunub ki, işlərin çoxluğundan məhkumları məhkəməyə gətirmək mümkün olmayıb.

Bundan əlavə, hakim bildirib ki, cinayət işi üzrə daha bir zərərçəkmiş şəxs müəyyən edilib. Baxış Kəsər adlı Türkiyə vətəndaşı ölkəsindən məhkəməyə teleqram vuraraq prosesə gələ bilmədiyini bildirib. B. Kəsərin İsmayıllı hadisələri zamanı paltosunun yandığı açıqlanıb. Onun indiyə kimi şikayət etmək imkanı olmadığından bir qədər öncə məhkəməyə müraciət edib. B. Kəsərin məhkəməyə göndərdiyi teleqramda mənəvi sarsıntı keçirdiyi bildirilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR