Bakının azad olunmasının 97-ci ildönümü Budapeştdə qeyd edilib

Bakının azad olunmasının 97-ci ildönümü Budapeştdə qeyd edilib
# 16 sentyabr 2015 13:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Bakının işğaldan azad edilməsinin 97-ci ildönümü Budapeştdə qeyd edilib. Bu münasibətlə Macarıstan paytaxtında fəaliyyət göstərən Yunis Əmrə Türk Kültürü İnstitutunda anım mərasimi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Türkiyə və Azərbaycan diasporu nümayəndələrinin, diplomatik korpus və macar ictimaiyyəti təmsilçilərinin iştirakı ilə təşkil olunan anma mərasimində Azərbaycanın və Türkiyənin Macarıstandakı səfirləri – Vilayət Quliyev və Şakir Fakılı çıxış ediblər. Onlar öz çıxışlarında Birinci Dünya savaşından sonra yeni mərhələyə qədəm qoyan Azərbaycan-türk birliyi və qardaşlığının hər iki xalqın milli müstəqillik mübarizəsinə, öz tarixi torpaqlarını və dəyərlərini qoruması işinə mühüm töhfə verdiyini vurğulayıblar.

Sonra “Yeni Yurd” ictimai birliyinin sifarişi ilə çəkilən “Torpaq, əgər uğrunda ölən varsa – Vətəndir!” sənədli filminə baxış keçirilib. Tarixi Çanaqqala savaşından tutmuş Bakının erməni-bolşevik işğalından azad edilməsinə qədərki üç il yarımlıq hadisələrlə zəngin bir dövrü əhatə edən bu sənədli lentdə hərb meydanlarında daha da möhkəmlənən və milli idealların təntənəsinə xidmət edən Azərbaycan-türk qardaşlığı tarixi sənədlər əsasında müasirliklə səsləşən tərzdə öz əksini tapıb.

Tədbirdə iştirak edən “Yeni Yurd” İctimai Birliyinin sədri Mahirə Əsədova, birliyin idarə heyətinin üzvü, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!” filminin ssenari müəllifi, respublikanın əməkdar jurnalisti Zərnişan Azayeva öz çıxışlarında film üzərindəki işlərindəki işdən, XX əsrin əvvəllərindəki Azərbaycan-Türkiyə dostluğunun sənədli kino dilinə çevrilməsi istiqamətindəki yeni planlarından danışıblar.

Azərbaycan mədəniyyətini Macarıstanda yüksək səviyyədə təbliğ edib tanıtdıqlarına görə Budapeştdəki Yunis Əmrə Türk Kültürü İnstitutunun direktoru Yaqub Gülə və azərbaycanşünas-alim, klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqatçısı, tərcüməçi, ELTE Universitetinin müəllimi Mariya Keneşiyə xatirə hədiyyələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR