“Azərsu” Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisini sürətləndirib

“Azərsu” Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisini sürətləndirib
# 04 mart 2016 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi sürətləndirilib.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edir və 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Göygöl su mənbəyində yeni drenaj sistemi yaradılıb, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,5 km uzunluğunda magistral kəmər çəkilib. 2014-cü ilin sentyabr ayında Göygöl-Gəncə magistral su xəttinin açılışı olub.

Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb. Bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr layihələndirilən sutəmizləyici qurğudan təmin ediləcək. Bu məqsədlə 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb.

Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir. İndiyə qədər 855 km paylayıcı su xəttinin 87 km-lik, 813 km kanalizasiya şəbəkəsinin isə 74 km-lik hissəsi çəkilib. Şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 7 minə yaxın smart sayğac quraşdırılıb.

Layihənin növbəti mərhələsində şəhərin su təchizatı və kanalizasiya şəbəkələrinin bir hissəsinin eləcə də, kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Bu mərhələdə 15 km magistral, 136 km şəbəkə su xətləri çəkiləcək, tutumu 5000 kubmetr olan su anbarı inşa ediləcək. Eyni zamanda Gəncə şəhərinin kanalizasiya sistemlərinin bir hissəsi də yenidən qurulacaq. Bu mərhələ çərçivəsində 108 km uzunluğunda kanalizasiya şəbəkəsi, 44 km uzunluğunda kanalizasiya kollektoru tikiləcək.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncə şəhəri ilə yanaşı, Şəki şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR