“Azərbaycan Dəmir Yolları” qışa hazırlıq üzrə tədbirlər planını təsdiq edib

“Azərbaycan Dəmir Yolları” qışa hazırlıq üzrə tədbirlər planını təsdiq edib
# 24 noyabr 2015 07:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” QSC-də “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planını təsdiq edilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, tədbirlər planına əsasən, Yük daşımaları, İnfrastruktur, Sərnişin daşımaları, Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentləri, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatları üzrə görüləcək işlər müəyyən edilib.

Tədbirlər planına uyğun olaraq, departamentlərin bütün təsərrüfatları üzrə baxışlar, hərəkətin təhlükəsizliyi ilə bağlı kadrlarla xüsusi dərslər keçirilir və onlar təlimatlandırılır, qış mövsümündə işçilər fərdi mühafizə vasitələri, qış geyimləri və lazımi alət və ləvazimatlarla təmin edilir, istehsalat və inzibati binaların dam örtukləri, qapı və pəncərələri təmir edilir, dalan yolları olan müəssisələrdə qışa hazırlığın təşkili, xüsusilə yolların qardan təmizlənməsi, donan yüklərin boşaldılması üçün mexanizmlər hazır vəziyyətə gətirilir, qəza-bərpa briqadaları yaradılır, işıqlandırıcı qurğular yoxlanılır. Dübəndi, Yalama, Keşlə, Bakı-yük, Yevlax, Böyük Kəsik, Gəncə, Ucar, Hacıqabul və Biləcəri stansiyalarında qarla operativ mübarizə planının hazırlanması üçün üç növbəli briqadaların yaradılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda lokomotivlərin qum vermə sisteminin qaydaya salınması, depolarda qum ehtiyatının yaradılması, qaldırıcı qurğuların, kranların təmiri, yol təsərrüfatında qartəmizləyən texnikanın təmiri prosesi davam etdirilir. Bakı-Böyük Kəsik sahəsində optik rabitə sistemindəki avadanlıqların mütəmadi olaraq yoxlanılır, dartqı yarımstansiyalarında texniki avadanlıqlar təftiş edilərək sınaq işinin başa çatdırılması, Sərnişin təsərrüfatında çalışan işçilərin xüsusi geyim və ayaqqabı ilə təmin edilməsi, sərnişin vaqonlarının istilik sisteminin qaydaya salınması həyat keçirilir.

Qış mövsümündə hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR