Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlərlə təmin olunub

Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlərlə təmin olunub
# 30 mart 2017 12:25 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri Tərtər rayonunda davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu rayonda inşa etdirilmiş 5 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, fərdi yaşayış evlərindən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 3 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Evlərin istifadəyə verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev, Tərtər rayon İH-nin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs olunub, bu siyasətin ilk növbədə ölkə vətəndaşlarının sosial firavanlığının təminatına xidmət etdiyi vurğulanıb.

Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə 82 ədədi fərdi yaşayış evi olan 281 ədəd, 2016-cı ildə 170 ədədi fərdi yaşayış evi olan 288 ədəd, ümumilikdə isə 2015-2016-cı illərdə 570 ədədə yaxın mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, 2015-2016-cı illərdə bu rayonda yeni çoxmənzilli yaşayış evi və fərdi yaşayış evləri istifadəyə verilməklə 60 nəfərədək bu təbəqələrdən olan insan mənzillə təmin olunub. Hazırda isə rayonda daha 5 fərdi yaşayış evi müvafiq şəxslərin istifadəsinə verilir. Qarşıdakı dövrdə də bu sahədə işlər davam etdiriləcək.

Tədbirdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə əhatə olunduqları, onlara yönələn sosial müdafiə tədbirlərinin ildən-ilə gücləndirildiyi vurğulanıb.

Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri əhalinin sosial təminatının gücləndirilməsi, sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması sahəsində Azərbaycanda aparılan dövlət siyasətindən razılıq hissi ilə bəhs ediblər. Onlar müharibə əlilləri və şəhid ailələrinin sosial təminatlarının artırılması, yaşayış şəraitlərinin yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlərə və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı fərdi yaşayış evlərinə baxış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR