Elmar Məmmədyarov: “ATƏT-in Minsk qrupunun fəaliyyətindən o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın”

Elmar Məmmədyarov: “ATƏT-in Minsk qrupunun fəaliyyətindən o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın”
# 25 avqust 2015 13:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA,. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. NAzirlikdən APA-ya verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Cənubi Qafqaz regionu və Azərbaycanda su təminatı məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, beynəlxalq sənədlərdə təsbit edildiyi kimi sudan istifadənin azad xarakter daşımalı olduğunu bildirib.

Suyun humanitar mahiyyət kəsb etdiyini qeyd edən nazir Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində insanların Sərsəng su anbarından istifadədən məhrum olduqlarını diqqətə çatdırıb. O əlavə edib ki, Ermənistan tərəfi Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir.

Militsa Markoviç bütün xalqların dilində deyildiyi kimi insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd edib. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Militsa Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırıb.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. “Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın”-deyə Elmar Məmmədyarov bildirib və ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd edib.

Nazir Elmar Məmmədyarov ümidvarlığını bildirib ki, bu hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR