Fransanın dövlət naziri: “Biz Dağlıq Qarabağda gücdən istifadə etməməyə və danışıqlara qayıtmağa çağırırıq”

Fransanın dövlət naziri: “Biz Dağlıq Qarabağda gücdən istifadə etməməyə və danışıqlara qayıtmağa çağırırıq”
# 25 aprel 2016 11:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa gücdən istifadə etməməyə və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara qayıtmağa çağırır”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir uydurma “erməni soyqırımı” abidəsini ziyarət edərkən deyib.

“Mən özümlə danışıqların yenilənməli olması ilə bağlı mesaj gətirmişəm. Son dövrlərdə müşahidə etdiyimiz zorakılığın aradan qaldırılması üçün danışıqlar vacibdir. Biz gücdən istifadə etməmək, ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi prinsipləri əsasında sülhə nail olmaq üçün güclərimizi birləşdirməliyik. Məhz bu sülh, ədalət və barışıq üçün bu gün burdayam”, - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Fransa istənilən hərbi toqquşmaların qarşısının alınmasını, tərəflərin danışıqlar masası arxasında əyləşməsini və atəşkəsə əməl edilməsini istəyir: “Bu münaqişə hər iki tərəfə əzab verib. “Dondurulmuş münaqişə” haqda danışmaq olmaz, çünki hərbi qulluqçular və mülki şəxslər arasında itkilərin olmadığı bir ay belə yoxdur”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR