Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb

Tərtər və Füzulidə partlamamış hərbi sursat tapılıb
# 02 iyun 2016 16:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli, Ağdam və Tərtər rayonlarında 6 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 15 partlayış yerinə baxış keçirilib.

Agentlikdən APA-ya verilən məlumata görə, baxış zamanı Tərtər və Füzuli rayonlarında 5 ədəd partlamamış hərbi sursat (1 ədəd Qrad raketinin mühərrik hissəsi, 1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar olunaraq götürülüb və gün ərzində 44 277 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 2 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 561 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 488 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR