Nazir Şahin Mustafayev BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Şahin Mustafayev BƏƏ-nin Azərbaycandakı səfiri ilə görüşüb
# 28 yanvar 2016 08:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi qəbul edib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev bildirib ki, Azərbaycan və BƏƏ arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradıb. İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, Azərbaycan və BƏƏ hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5 iclası keçirilib, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan nazir kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

M. H. Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə həmçinin, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan və BƏƏ hökumətləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR