Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında həbsxanalarda işgəncə məsələsi mübahisə mövzusu olub

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclasında həbsxanalarda işgəncə məsələsi mübahisə mövzusu olub
# 07 may 2018 15:07 (UTC +04:00)

“Cəzaçəkmə müəssisələrində işgəncə faktları barədə mənə məlumat verilib. Bu, məni narahat edir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala deyib.

Avropa Parlamentinin vitse-prezidenti bildirib ki, fərqli düşüncəyə malik insanlara qarşı tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur: “İlqar Məmmədovla bir həftə əvvəl görüşmüşdüm. Hüquq-müdafiə sahəsində çalışanların fəaliyyəti üçün çevik zəmin yaradılmalıdır. Xüsusən bizi Vəkillər Kollegiyasının fəaliyyəti, onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib, Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkanı var”.

Millət vəkili Kamran Bayramov İşgəncələrə Qarşı Avropa Komitəsinin missiyasının istənilən vaxt Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkə bildiyini vurğulayıb: “Bu Komitənin hazırladığı hesabatlar hökumət tərəfindən nəzərə alınır. Bir neçə il əvvəl Azərbaycanda məhkumların saxlanma şəraiti ilə bağlı problem var idi. Prezidentin tapşırığı ilə paytaxtda və regionlarda cəzaçəkmə müəssisələri tikilib. Eyni zamanda Penitensiar Xidmətin işçiləri üçün seminarlar keçirilir. Digər tərəfdən, Azərbaycanda vəkillik institutu inkişaf edir. Azərbaycanda islahatlar həyata keçirilir, vəkillərin sayı artmaqdadır. Bu, vətəndaşların hüquqlarının müdafiə edilməsində vacib addımlardan biridir”.

Millət vəkili Çingiz Qənizadə isə Azərbaycanda həbsxanalarda işgəncəyə dair faktlar təqdim edilməsini istəyib: "Bu kimi informasiyalar əsassızdır. İki məhbus arasında baş verən hadisələr də siyasi motivli hadisələr kimi təqdim olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR