Bank Of Baku

Britaniya Lordlar Palatasında Avropada təhsil alan Azərbaycanlı Tələbələr Forumu təşkilatının London forumunun açılışı keçirilib

Britaniya Lordlar Palatasında Avropada təhsil alan Azərbaycanlı Tələbələr Forumu təşkilatının London forumunun açılışı keçirilib
# 19 noyabr 2008 16:14 (UTC +04:00)
London. Viktoriya Dementyeva-APA. Britaniya Parlamentinin Lordlar Palatasında Avropada təhsil alan Azərbaycanlı Tələbələr Forumunun (FASE) “Fərqlilik yaradaq” mövzusunda London forumunun açılışı keçirilib. Bu barədə APA-ya səfirliyin mətbuat xidmətindən məlumat verilib. Forumda Avropanın müxtəlif ölkələrində təhsil alan tələbələr, eləcə də respublikamızın gənclər siyasətində fəal iştirak edən müxtəlif gənclər təşkilatlarının nümayəndələri, habelə diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. London Forumunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Freyzer FASE-nin giriş nitqi ilə çıxış ediblər. Lord Freyzer foruma ev sahibliyi etdiyinə görə məmnunluğunu ifadə edib və xaricdə təhsil alan tələbələrin ölkəmizin gələcəyinə töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Səfir Fəxrəddin Qurbanov çıxışında bu tədbirin Londonda keçirilməsinin əlamətdar bir hadisə olduğunu bildirib və FASE-nin London Forumu ilə bağlı həyata keçirilən hazırlıq işlərində tələbələrin xüsusi canfəşanlıq nümayiş etdirmələrini və bunun nəticəsində Azərbaycan reallıqlarının daha geniş auditoriyaya çatdırılmasının təqdirəlayiq hal olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, FASE-nin London forumu “Fərqlilik yaradaq” şüarı altında keçirilib və xaricdə təhsil alan azərbaycanlı tələbələrin gələcəkdə ölkəmiz üçün dəyərli insan kapitalının formalaşdırılmasına xüsusi töhfə verəcəyi qeyd olunub. Forumda həmçinin son illər ərzində dövlət tərəfindən təhsilə xüsusi qayğı göstərildiyi və ildən-ilə xaricdə təhsil almağa gedən azərbaycanlı tələbələrin sayının artmasının sevindirici hal olduğu nəzərə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR