Onkoloji xəstələr şüalanma ilə bağlı lazımi müalicəni əldə etməsələr, bu, onların ölümü ilə nəticələnir.
APA xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” adlı panel sessiyasında çıxış edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini, agentliyin nüvə departamentinin rəhbəri Najat Mokhtar deyib.
Onun sözlərinə görə, dünya miqyasında onkoloji xəstələrin müalicəsi üçün lazımi preparatlara və ləvazimatlara malik olmayan ölkələr var. Bu isə insan həyatının riskə atılmasıdır və yolverilməzdir.
O deyib ki, ölkələr adıçəkilən xəstəliyin müalicəsi üçün tibb mərkəzləri yaratmalıdırlar:
"80 ölkə belə tibb mərkəzlərinin yaradılması üçün bizə müraciət edib. Bu xəstəliyin müalicəsi ölkələr üçün prioritet olmalıdır. Tədqiqatlar, elmi araşdırmalar üçün maliyyə imkanları, investisiya vacibdir, xüsusilə də əgər biz səhiyyə sistemindən danışırıqsa. Məsələn, biz xatırlaya bilərik ki, peyvənd araşdırmaları və onun nəticəsi bizim həyatımızı necə xilas etdi", - deyə o çıxışı zamanı qeyd edib.