Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb.
APA xəbər verir ki, bu barədə diplomat tvitter hesabında paylaşım edib.
"İllər keçsə də, Gəncədəki müharibə dağıntılarının görüntüləri insanı sarsıdır. Mülki hədəflərə hücum etmək və bu qədər günahsız insanı öldürməyə heç bir haqq qazandırıla bilməz!", - deyə qeyd olunub.
***
Saat 18:37
“Gəncədə bu dağıntıları görmək, burada çoxlu sayda insanların həlak olduğunu eşitmək çox üzücüdür. Təəssüf ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Biz çox istərdik ki, bu regionda da sülh əldə olunsun”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncəyə səfər çərçivəsində Vətən müharibəsi dövründə Ermənistan tərəfindən raket zərbələrinə məruz qalan ərazidə olarkən Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann deyib.
Səfir müharibənin çox amansız olduğunu vurğulayaraq çox vaxt bundan dinc əhalinin əziyyət çəkdiyini təəssüflə bildirib.
Səfirə məlumat verilib ki, Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.
Ralf Horlemann raket zərbələri zamanı həyatını itirən dinc sakinlərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər qoyub.