“Bəzi hallarda təcavüzkarlara təzyiq edilir, bəzi hallarda isə dünya susur. Beləliklə, bu problemlər həll olunmur, yığılıb qalır”.
APA xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclsinin Baş katibi Asəf Hacıyev bildirib.
Asəf Hacıyev deyib ki, Qara dəniz regionu Asiya və Avropa arasında körpü rolunu oynayır: “Regionun əsas dəyəri burada yaşayan müxtəlif ənənələrə malik xalqlardır. QDİƏT-in əsas məqsədi regiona sülh və əmin-amanlıq gətirməkdir”.
Asəf Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı öz sıralarında 120 ölkəni birləşdirir: “Bu ölkələrdə ümumilikdə 4 milyard insan yaşayır. Bu, nəhəng bir qüvvədir. Bu potensialdan istifadə edək və dünyanı yaxşıya çevirək”.
QDİƏT Parlament Məclsinin Baş katibi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin uğurla fəaliyyət göstərəcəyinə əmin olduğunu söyləyib.