"Ötən dəfə seçicilərin aktivliyi yuksək idi. Demək olar ki, 75 faizdən çox seçici seçkilərdə iştirak edib".
APA xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Azərbaycandakı Türkiyə vətəndaşları üçün ikinci tur prezident seçkilərində keçirilən səsvermədən danışarkən deyib.
"Bu, xarici ölkələrdə daha tez keçirilir. Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda seçkilər 20, 21 və 22 may tarixlərində səhər saat 08:00-dan 22:00-dək vətəndaşlarımız gəlib səs verə bilərlər. Ötən dəfə seçicilərin aktivliyi yuksək idi. Demək olar ki, 75 faizdən çox seçici seçkilərdə iştirak edib. Dəqiq desək, 1033 seçici səs verib", - deyə o bildirib.
Onun sözlərinə görə, bu seçkilərdə də vətəndaşların çoxunun iştirak edəcəyi gözlənilir. Qeyd olunub ki, Naxçıvanda aktiv seçici sayı hazırda 1350 nəfərdir.
Qeyd edək ki, səsvermə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçirilir.