Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Aygün Attarın APA-ya müsahibəsi
- Aygün xanım, istərdim ilk olaraq Azərbaycana səfərinizin məqsədi barədə bir qədər məlumat verəsiniz.
- Azərbaycana “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçirilən tədbirdə və Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransda iştirak etmək üçün gəlmişəm.

“Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçirilən tədbir müxtəlif ölkələrdən gələn mütəxəssislərin, eyni zamanda, Azərbaycan və Türkiyə nəqliyyat nazirlərinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan dövlətlərinin nazir müavinlərinin iştirakı ilə həyata keçirildi. Müxtəlif regionlardan gələn mütəxəssislər beynəlxalq səviyyədə Zəngilanın çox əhəmiyyətli logistika dəhlizi olduğuna dair fikirlərlə çıxış etdilər, çox faydalı elmi mülahizələr dinlədik. Nəticədə hər kəsin bu görüş haqqında fikri Zəngəzur dəhlizinin həm regionun, həm də Asiya ilə Avropa arasındakı enerji və müxtəlif ticarət məhsullarının keçid nöqtəsi olması baxımından son dərəcə əhəmiyyətli olduğu oldu.

Qoşulmama Hərəkatına isə Azərbaycanın uzun müddətdir sədrlik edir və bu sədrlik çərçivəsində Azərbaycan müxtəlif tədbirlərə ev sahibliyi edib. Azərbaycan Qoşulmama Hərəkatının Qadınlar Platformasını yaratmaqla çox əhəmiyyətli bir işə imza atdı. Bu tədbirin də məqsədi yaradılmış olan bu yeni platformaya diqqət çəkmək idi. Tədbirdə dünyanın 123 müxtəlif təşkilatından 40 nəfər yüksək vəzifəli şəxs iştirak edirdi. Türkiyə Qoşulmama Hərəkatının üzvü olmadığı üçün fəxri qonaq qismində dəvət edilmişdi. Bu, bütün Şərq dünyasında ilk dəfə qadınlara seçmə və seçilmə hüququnu verən Azərbaycanda gender məsələsi və qadınlarla bağlı səlahiyyətlərin daha da genişləndirilməsi, qadın haqlarının inkişafına verilən önəmi də ortaya qoymuş olur. Azərbaycan dünyada çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə olaraq tanınır. Bu uğurdan ötrü də Azərbaycanı təbrik edirəm!
- Aygün xanım, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvüsünüz. Bir qədər fəaliyyət istiqamətiniz barədə məlumat verərdiniz.
- Bu şura adından da məlum olduğu kimi, Türkiyə dövləti, regionla bağlı təhlükəsizlik və xarici siyasət məsələləri üzrə fəaliyyət göstərir. Şuranın fəaliyyət istiqaməti əsasən, xarici siyasət və təhlükəsizlik məsələlərində Türkiyə Prezidentinə məlumatların hazırlanması, görüşlərin bildirilməsi, strateji əhəmiyyət kəsb edən məsələlərdə müəyyən addımların planlaşdırılması ilə bağlıdır.
- Türkiyə Qarabağ savaşında Azərbaycanın yanında oldu. Azərbaycanın Zəfərindən sonra iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. İki ölkə arasındakı münasibətləri hazırkı səviyyəsiniz siz necə dəyərləndirirsiniz?
- Türkiyə-Azərbaycan münasibətləri hər zaman ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun bir istiqamətdə olub. Eyni zamanda, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” ifadəsi də Azərbaycan-Türkiyə münasibətlərinə baxışı ortaya qoyur. Son yüz ildə Azərbaycan-Türkiyə münasibətlərində fundamental dəyər adlandıracağımız iki hadisə olub. Bunlardan biri Qafqaz İslam Ordusunun Azərbaycandakı xilaskarlıq fəaliyyəti, ikincisi isə qeyd etdiyiniz Şuşa Bəyannaməsidir. Çünki bu bəyannamə Türkiyə-Azərbaycan əlaqələrini daha irəliyə apardı. Biz artıq qardaş olmaqla yanaşı, həm də strateji müttəfiqik. Müttəfiqlik münasibətləri olduqca dəyərlidir. Şuşa Bəyannaməsinin müddəalarına baxdığımız zaman bütün sahələrdə - mədəni, elmi, hərbi sahələrdə müttəfiqliyin ortaya qoyduğu məsuliyyəti görə bilirik. Azərbaycan bu bəyannamə ilə NATO üzvü olan ən böyük ikinci ordu gücünə malik dövlətlə - Türkiyə ilə müttəfiq oldu. Bu, çox önəmli məsələdir.

Azərbaycan Ordusu milli ruh ortaya qoyaraq və beynəlxalq hüquqa uyğun bir şəkildə cənab Ali Baş Komandan İlham Əliyevin strateji qərarları ilə öz torpaqlarını düşmən tapdağından azad etdi və bu bütün Cənubi Qafqazda aparılan siyasəti dəyişdirdi. Türkiyənin həm 44 günlük savaşdan əvvəl, həm həmin dövrdə və həm də müharibədən sonrakı mərhələdə Azərbaycanın yanında dayanması, Türkiyə Prezidentinin Azərbaycanla bağlı açıqlamaları, Türkiyə xalqının Azərbaycana olan məhəbbəti bizim münasibətlərdə yeni dövr başlatdı. Qarabağ zəfəri ilə birlikdə Azərbaycan və Türkiyə işbirliyi həm regionun gələcəyinə dair, həm də geosiyasi xəritənin yenidən formalaşmasında böyük bir rol oynadı. Çünki “3+3” formatı ilə Azərbaycan və Türkiyə tərəfindən irəli sürülən Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycanın dünya siyasətində dəyərini daha da artırdı. Buna baxmayaraq, Azərbaycan burada da eqoist bir siyasət həyata keçirmək yolunu seçməyib, həm özünün, həm də qonşu dövlətlərin regionda təhlükəsizliyini və iqtisadi rifahını təmin edən bu layihə üçün Ermənistana çağırış edib. Bu da “3+3” formatında Azərbaycanın ortaya qoyduğu prinsipial mövqeyi idi.
- Aygün xanım, Türkiyə dövlətinin artıq iki ilə yaxındır davam edən Rusiya-Ukrayna münaqişəsində vasitəçilik missiyasını “qeyri-mümkün” hesab edənlər var idi. Amma müharibə dövründə bir sıra addımlar, o cümlədən əsirlərin dəyişdirilməsi, Taxıl Sazişinin imzalanması Türkiyənin vasitəçiliyinə dair həmin o qeyd etdiyim “qeyri-mümkünlüyünü” bir növ aradan qaldırdı. Üstəlik, nəzərə alsaq ki, 50 gündən çoxdur ki, Yaxın Şərqdə HAMAS-la İsrail arasında döyüşlər gedir. Türkiyə dövlət başçısının, xarici işlər nazirinin bu istiqamətdə fəal siyasət yürütdüyü məlumdur. “Türkiyəsiz regional problemlərin həlli çətindir” fikrinə münasibətinizi bilmək istərdim.

- Türkiyə siyasətinin təməlində keçmişdən bu günə insanlıq dayanıb. Türkiyənin bu gününü anlamaq üçün dünənə baxmaq lazımdır. Antisemitizm dövründə dünya yəhudiləri Avropadan qovulduğu, onların yaşamağına imkan verilmədiyi dövrdə Osmanlı dövləti onlara qapısını açıb. II Bəyazidin dövründə, 1492-ci ildə İspaniyadan və 1497-ci ildə Portuqaliyadan qaçan yüz minlərlə yəhudi qəbul edilərək Osmanlı torpaqlarında yerləşdiriliblər.
Türk dövlətinin ədalətini Osmanlı Sultanı II Mahmudun bu sözləri ən gözəl şəkildə izah edir: “Mən təbəəmin müsəlmanını məsciddə, xristianını kilsədə, yəhudisini sinaqoqda fərqləndirirəm. Onların arasında başqa heç bir fərq yoxdur. Onların hamısı mənim əsl övladlarımdır”.
Türkiyə Azərbaycanın Qarabağ məsələsi ilə bağlı təkcə Türkiyənin siyasi arenasında deyil, Birləşmiş Millətlər Təşkilatının və digər nüfuzlu beynəlxalq tribunaların kürsüsündən Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasına dair çağırış edib və Azərbaycanın haqlı mübarizəsində onun yanında olub. Eyni şəkildə Fələstində yaşananları Türkiyə insanlıq dramı adlandıraraq məsum uşaqların, qadınların öldürülməsinə, xəstəxanaların bombalanmasına son qoyulması üçün çağırış edib. Türkiyə eyni zamanda, Fransa və Amerikanın bölgəni qarışdırmaq niyyətinin də qarşısını alıb və Aralıq dənizi hövzəsində baş verə biləcək müharibənin qarşısını kəsmiş olub.

Rusiya-Ukrayna müharibəsi ortaya çıxdığı zaman da Türkiyə NATO-ya üzv olan bir ölkə olaraq həm Ukraynaya aid olan torpaqların işğalının doğru olmadığını bildirdi, həm də üzv olan digər ölkələrdən fərqli olaraq, Rusiyaya tətbiq edilən sanksiyalardakı haqsızlıqları dilə gətirdi. Türkiyə həmin dövrdə dünyanın iqtisadi sıxıntısını aradan qaldırmaq üçün “Taxıl dəhlizi” adı altında çox mükəmməl bir siyasət ortaya qoydu. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi və ABŞ Prezidenti buna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək məcburiyyətində qaldılar. Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman nitqində Türkiyənin həqiqətin tapdalanması qarşısında səssiz qalmayacağını ifadə edir və insan haqlarından danışan dövlətlərin əslində buna əməl etmədiyini söyləyir. Eyni zamanda, Qərb dövlətlərinin Qarabağda Azərbaycana aid torpaqlarda azərbaycanlılara qarşı həyata keçirdiyi zülmü, işğalı görmədiklərini və Azərbaycanın bölgədə antiterror tədbirlərindən sonrakı açıqlamalarını riyakarlıq adlandırır. Rəcəb Tayyib Ərdoğan çıxışlarında Ermənistanın ağlını başına toplamalı olduğunu, Fransadan, Qərbdən kömək ummamalı və sülh sazişinə imza atmalı olduğunu ifadə edir.
Türkiyənin xarici siyasətdə təməl prinsipləri insan haqları, məzlumların və qurbanların yanında durmaqdır.
- Türkiyə terrordan əziyyət çəkən, şəhidlər verən bir ölkədir. Sizcə, Türkiyə yaxın gələcəkdə terror problemini tamamilə həll edə biləcəkmi?
- Bəzi radikal qrupları PKK terror təşkilatının çətiri altında toplayan və onlara silah verən, siyasi açıqlamaları ilə zəhərləyən Qərb ölkələri var. Onlar bunu insan haqları adı altında həyata keçirirlər. Türkiyə rəsmi olaraq 30 ildən artıqdır ki, PKK terror təşkilatının ölkəyə vurduğu sosial, iqtisadi zərərləri ortaya çıxarır.
Türkiyə terror bəlasını yaşayan bir ölkə olaraq nə öz torpaqlarında, nə də bölgədə onların varlığını qəbul edir. Eyni zamanda, terrorla mübarizə aparan bütün dövlətləri dəstəkləyir.
Türkiyə demək olar PKK terror təşkilatının kökünü kəsib. Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının əsas bazalarının yerləşdiyi Kandil dağında əməliyyat həyata keçirərək təşkilatı idarə edən, bölgədə olan terroristləri aradan götürür. Baş verən terror aktları bu təşkilatın can verən, həyatda qalmış tək-tük üzvlərinin həyata keçirdiyi aktlardır.

Şəhidlərimizin qanını daşıyan al bayrağımız ucalarda dalğalanmağa davam etsin deyə Türkiyə şəhidlər verib, lakin artıq Türkiyə PKK terror təşkilatının belini qırıb. Son zamanlarda Amerika başda olmaqla Fransanın, Qərbin təsiri altında olan dövlətlərin Türkiyə və Azərbaycana qarşı azğınlaşmış, bölgə ilə bağlı həddini aşan, dövlətlərin daxili məsələlərinə müdaxilə mahiyyətində olan açıqlamalarının da səbəbi budur.
Türkiyə çox qədim dövlətçilik təcrübəsinə malik, Asiya ilə Avropa arasındakı tarazlığı müəyyən edən qüdrətli bir ölkədir. Eyni zamanda, NATO-ya üzv olan bir ölkə kimi müttəfiqlik prinsipi çərçivəsində onunla tərəfdaşlıq edir. Türkiyəni narahat edən, onu üsyan həddinə çatdıran da NATO üzvü olduğu halda, mübarizə apardığı terror təşkilatına Amerikanın silah verməsi, siyasi olaraq açıqlamaları ilə onları dəstəkləməsidir. Bu, riyakar siyasətin ən bariz nümunəsidir.
Beynəlxalq siyasət üzrə fəaliyyət göstərən mütəxəssislər bildirirlər ki, Amerikanın, Fransanın siyasətində sözlə əməlin bir-birinə uyğun olmadığı özünü göstərir. Təəssüf ki, bu riyakar siyasət indi də şiddətli şəkildə davam etməkdədir.

Amerikanın qərbsayağı “demokratiya” ilə Əfqanıstanı, İraqı, Ukraynanı nə hala gətirdiyini hamımız görürük. İndi də Cənubi Qafqaz bölgəsində eyni oyunu oynamaq istəyir. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də deyimi ilə söyləsək, regionun sahibi, bu regionda olan dövlətlər buna icazə verməyəcəklər.
- Aygün xanım, Avropa İttifaqı yeni ölkələrə qapısını açır, Türkiyə isə hələ kənarda qalıb. Türkiyənin Avropa İttifaqına üzvlüyünü real hesab edirsinizmi?
- Artıq 50 ildir ki, Avropa İttifaqına üzv qəbul ediləcəyi nağılı ilə Türkiyəni Avropa qapısında süründürməyi məqsədə çevirən siyasət barədə danışmaqda fayda var. Bizi ikili standartları burada da görürük. Açıq demək lazımdırsa, qarşımızda müxtəlif bəhanələrlə Türkiyənin regionun xeyrinə həyata keçirdiyi bütün fəaliyyətləri Avropa İttifaqına üzv olmamağı üçün bəhanə olaraq görən bir zehniyyət var. Türkiyə də bunun fərqindədir. Haqlı olaraq Türkiyə Prezidenti ən son olaraq Avropa İttifaqının Türkiyə üçün tək alternativ olmadığını, Türkiyənin fərqli, beynəlxalq təşkilatlar içərisində yer alma ehtimalının nə qədər yüksək olduğunu bəyan etdi. Türk Dövlətləri Təşkilatını bu mənada çox əhəmiyyətli hesab edirəm, gələcəyinin qüdrətli olacağına inanıram. Çünki tamamilə mədəni iş birliyi məqsədilə qurulmuş olan Türk Dövlətləri Təşkilatının böyük bir missiyanı üzərinə götürdüyünü görürük.

Türkiyənin Rusiya, İran, Çinlə apardığı diplomatik, iqtisadi münasibətlərə baxdığımız zaman Türkiyənin müxtəlif bölgə və siyasi bloklarla tərəfdaşlıq alternativi olan ölkə olduğu həqiqəti var. Yəni bu məsələdə Türkiyəni bu qədər bezdirmək, süründürməçilik siyasətini həyata keçirən Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərə baxdığımız zaman uduzanın Türkiyə yox, Avropa İttifaqı olacağı şübhəsizdir.
Qeyd edim ki, təkcə Almaniyada 3 milyondan çox türk yaşayır. Onlar Avropanın ictimai-siyasi həyatında çox böyük yer tutan bir gücdür.
- Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırma prosesində bir durğunluq yaşanır. Sizcə, Ermənistan normallaşma prosesində nə qədər səmimidir?
- Türkiyənin Ermənistanla münasibətlərində normallaşma üçün şərtləri var idi. Ermənistan bu şərtləri həyata keçirdiyi təqdirdə bu davam edə bilərdi. Burada əsas iki şərt sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması məsələsidir. Göründüyü kimi, Ermənistan bunların heç birini həyata keçirməyib. Buna görə ilk mərhələdə Ermənistanla münasibətdə bir qədər normallaşma hiss olunsa da, bu artıq dayanıb. Buna görə də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə 44 günlük savaşdan əvvəlki vəziyyətə geri qayıdılıb.

- Aygün xanım, bəzi hallarda Türkiyədəki müəyyən siyasi dairələrin Azərbaycanla bağlı xoşagəlməz fikirlərinə də rast gəlirik. Bunlar nədən qaynaqlanır?
- Mən uzun illərdir, Türkiyədə yaşayıram. Orada gördüyüm budur ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibət partiyalararası münasibətlərdən yuxarıdadır. Azərbaycanda Türkiyəyə qarşı olduğu kimi, Türkiyədə də Azərbaycana qarşı böyük bir məhəbbət var.
Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətləri zirvəyə çatdı. Bu baxımdan müxalifətdə olan partiyaların qıcıqlandığı üçün Azərbaycana qarşı münasibətdə bir qədər soyuqluğunü hiss etmək mümkündür.

Xüsusilə də Kamal Kılıçdaroğlunun müşavirinin 44 günlük müharibə dövründə qəbul edilməyəcək açıqlamaları oldu. Daha sonra prezident seçkiləri ərəfəsində Kamal Kılıçdaroğlu çıxışı zamanı “Böyük İpək Yolu”nun Azərbaycandan yan keçdiyini göstərdi və bu da haqlı olaraq hər iki ölkə ictimaiyyəti tərəfindən böyük qınağa tuş gəldi. Ümid edirəm, bundan sonrakı dövrdə Türkiyənin Azərbaycanla münasibətdə iqtidar partiyasının ortaya qoyduğu siyasi iradəni digər partiyalar da örnək alacaqlar.