Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb.
APA xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan imzalanma mərasimində sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Rumıniya Baş naziri Nikolae-Yonel Çuke və Macarıstanın Baş naziri Viktor Orban imzalayıb.
Rumıniya Prezidentinin administrasiyasının məlumatına görə, saziş dörd ölkənin milli və regional enerji təhlükəsizliyinin və Qara dəniz hövzəsində əlaqənin gücləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, Xəzər regionunun alternativ enerji potensialının maliyyələşdirilməsinə və ölkələrin milli enerji istehlakında alternativ enerjinin payının artırılmasına dair maraqları nəzərə alınmaqla hazırlanılıb.
Qeyd olunub ki, hökumətlərarası saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Əlavə olunub ki, bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.
Əlavə olunub ki, Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əldə edilmiş razılaşmanın tərkib hissəsidir.
Kotroseni sarayında (Rumıniya Prezidentinin rəsmi iqamətgahı) baş tutan imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də iştirak edib.