Bank Of Baku

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda çıxışı dünya mətbuatının diqqətində olub

Münxen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası

© APA | Münxen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclası

# 21 fevral 2023 13:33 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında çıxışı dünya mətbuatının da diqqətində olub.

Dövlət başçısının Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsinin tarixi, eləcə də bölgədə sülh imkanları, Ukrayna-Rusiya müharibəsinin bölgəyə təsirlərinə dair detallı və möhkəm arqumentlərə əsaslanan fikirləri beynəlxalq mətbuatın diqqətindən qaçmayıb.

Moldovanın “Publika” nəşri Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında qarşılıqlı nifrət və düşmənliyə son verilməsi ilə bağlı sözlərinə yer verib: “Biz indi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, tarixən ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər”.

Daha bir Moldova nəşri “Journal” isə Prezident İlham Əliyevin regiondakı vəziyyətə ikivektorlu yanaşmanın zəruri olması ilə bağlı fikirlərini dərc edib: “Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri...”

Gürcüstan mətbuatı da Azərbaycan, Ermənistan və Gürcüstan liderlərinin tarixi müzakirəsini geniş işıqlandırıb. “Interpressnews” xəbər saytı Azərbaycan Prezidentinin Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına, eləcə də Rusiya-Ukrayna müharibəsinin regiona təsirlərinə dair fikirlərinə yer verib: “Müharibənin bizim üzərimizdə birbaşa təsirləri yoxdur, lakin ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətlərini, eyni zamanda xüsusilə kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik”.

Məqalədə Prezident İlham Əliyevin Ermənistan və Azərbaycan arasında düşmənçiliyin başa çatdırılmasına dair fikirlərinə də yer verilib: “Mən düşünürəm ki, Azərbaycan və Ermənistan uzunmüddətli qarşılıqlı nifrət mövqeyinin dəyişməsini nümayiş etdirməlidir və düşmənçilik başa çatmalıdır. Biz hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq və mən düşünürəm ki, bu ciddi tarixi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər”.

Plenar iclası canlı yayımlayan Gürcüstanın İctimai kanalı isə Prezident İlham Əliyevin çıxışının əksər hissəsini daha sonra internet saytında dərc edib. Telekanal İlham Əliyevin Laçın dəhlizinin bağlı olmamasına dair fikirlərinə də diqqət ayırıb.

“Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələr olacaq. Biz buna hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca orada yaşamış nümayəndələri ilə, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil. Ola bilsin “ixrac edilib” sözü düzgün deyil, ehtimal ki, mən “qaçırılıb” deməli idim. Çünki heç kim onun Qarabağda necə ortaya çıxmağa və İrəvana geri qayıtmağa, Moskvaya dönməyə, yenidən İrəvana qayıtmağa və Qarabağa dönməyə necə cəhd etdiyini və bacardığını bilmir. Yalnız bu fakt blokadanın olmadığını nümayiş etdirir.

Blokadanın olmamasını nümayiş etdirən ikinci fakt budur ki, bizim vətəndaş cəmiyyətindən olan aktivistlərimiz yoxlanış məntəqəsinə gəldikləri 12 dekabrdan bu günədək Rusiyalı sülhməramlıların yük maşınları və Qızıl Xaçın nümayəndələri də daxil olmaqla 2500-dən çox maşın keçib. Qarabağdan təxminən 100 xəstə Qızıl Xaç tərəfindən müalicə üçün Ermənistana aparılıb. Beləliklə, əgər orada açıq yol varsa, biz bunu necə blokada adlandıra bilərik? Əgər Qarabağdakı ermənilər bu yolu istifadə etməyə cəhd etsələr, əminəm ki, heç kim onları dayandırmayacaq”.

Türkiyənin “Anadolu” xəbər agentliyi də Prezident İlham Əliyevin Ukrayna müharibəsinin regiona təsirləri, eləcə də Ermənistan və Azərbaycan arasında düşmənliyin başa çatdırılması, müharibədən iki il sonra yeni səhifənin açılmasının gərəkliliyinə dair fikirlərini müxtəlif dillərdə dərc edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR