Bu gun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Ceyhun Bayramov Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.
Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov və Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında da telefon danışığı baş tutub. Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.