Bakıda Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min, Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, hökumət qurumlarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirin rəsmi hissəsinin açılışında ölkələrimizin dövlət himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən Çin səfiri ölkəsinin son 74 ildə əldə etdiyi nailiyyətlərdən danışıb: “Çoxmillətli xalqa rəhbərlik edən Çin Kommunist Partiyası tükənməz səylərlə və daimi axtarış yolu ilə Çin xüsusiyyətlərini özündə ehtiva edən sosializmin inkişafını təmin edib. Çin xalqı varlanmağa, güclü olmağa doğru böyük bir sıçrayış etdi və bu, əlamətdar tarixi prosesdir”.
Səfir Azərbaycanla Çin arasında siyasi-diplomatik münasibətlərin əsasının qoyulmasından 31 il keçdiyini bildirib: “Çinlə Azərbaycanı dağlar və çaylar ayırmasına baxmayaraq, ölkələrimizin ənənəvi dostluğu dərin tarixə söykənir. Qədim İpək Yolundan “Bir kəmər, Bir yol”un hazırkı birgə tikintisinə qədər Çin və Azərbaycanın siyasi qarşılıqlı etimadı və strateji əməkdaşlığı yorulmadan gücləndirilir.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdə ilk tədbir təntənə ilə Pekində keçirilib. Bu, Azərbaycanın sərhədlərindən kənarda keçirilən ilk belə tədbirdir.
Qoşulmama Hərəkatının növbədənkənar sammitində, Bakı Qlobal Forumunda, Milli Şəhərlər Forumunda və Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Çin Azərbaycana yüksək səviyyəli nümayəndə heyətləri göndərib.
Bu, iki dövlət başçısının əldə etdiyi mühüm konsensusun hərtərəfli reallaşmasına və Çin ilə Azərbaycan arasında müxtəlif sahələrdə praktiki əməkdaşlığın sürətlə inkişafına kömək edəcək. Ölkələrimiz “Bir kəmər, Bir yol” un birgə tikintisində əhəmiyyətli irəliləyişə nail olublar”.
Səfir qeyd edib ki, Çin-Avropa istiqamətində 10-dan çox yük dəmir yolu marşrutu Azərbaycan ərazisindən keçir.
“Ölkələrimizin bir çox rayon və şəhərləri ilə qardaşlaşmış şəhərlər əlaqəsi qurulub. Mədəni və humanitar mübadilələr yüksəlir, ikitərəfli ticarət və investisiya əməkdaşlığı genişlənir və dərinləşir. İnanırıq ki, iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətlərini daha da parlaq gələcək gözləyir”, - xanım Qo Min əlavə edib.
Diplomatın sözlərinə görə, ölkələrimiz arasında investisiya qoyuluşu sahəsində də əməkdaşlıq genişlənməkdə və dərinləşməkdə davam edir: “Çin tərəfi ölkələrarası əlaqələrin daha da inkişafına dəstək vermək və yeni dövrdə ortaq taleyi olan Çin-Azərbaycan icmasını birgə qurmaq üçün Azərbaycan hökuməti və cəmiyyətin bütün təbəqələrinin dost nümayəndələri ilə birgə işləri davam etməyə hazırdır”.
Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 74-cü ildönümü ilə bağlı təbriklərini çatdırıb: “Son 74 ildə Çin Xalq Respublikası həyatın bütün sahələrində, istər iqtisadi, sosial, elmi-texniki, istərsə də beynəlxalq müstəvidə heyrətamiz nailiyyətlər əldə edərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Biz bu gün güclü iqtisadiyyata malik, beynəlxalq aləmdə fəal rolu və mövqeyi ilə fərqlənən Çinin böyük uğurlara imza atmasının şahidi oluruq. Dost ölkə olaraq Azərbaycan Çinin nailiyyətlərini görməkdən sevinc hissi keçirir”.
Şahin Mustafayev qeyd edib ki, Çin və Azərbaycan dostluğunun böyük tarixi var. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub: “Azərbaycan-Çin əlaqələri qədim və zəngin ənənələrə malikdir. Ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ ötən əsrin 90-cı illərinin əvvəllərində başladı. Belə ki, SSRİ-nin süqutu nəticəsində yaranmış yeni geosiyasi şəraitdə yenidən müstəqilliyinə qovuşan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkələrdən biri Çin oldu. Həmin dövrdə münasibətlərimizin təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Çin Xalq Respublikasının həmin zaman rəhbəri olan Tszyan Tszemin tərəfindən qoyulub”.
Şahin Mustafayev Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakını xüsusi qeyd edib: “Ümumiyyətlə, qarşılıqlı investisiyalar, nəqliyyat, humanitar sahə, ticarət, iqtisadi sahə, neft-qaz sahəsi əməkdaşlığımızın əsas istiqamətləridir. Mədəni-humanitar sahədə əməkdaşlığımız yüksək templə inkişaf etməkdədir. Bu istiqamətdə biz müxtəlif formalarda mübadilə və əməkdaşlığı təşviq edirik. Çünki bu, insanlar arasında əlaqələrin möhkəmləndirilməsinə, xalqlarımızın bir birini daha da yaxından tanımasına xidmət edir. Əlbəttə ki, bütün digər istiqamətlərdə də səmərəli əməkdaşlıq edirik. Eyni zamanda bir sıra perspektivli əməkdaşlıq sahələri də var. Bunlardan ən əsası bərpaolunan enerji mənbələridir ki, hazırda bu sahə Azərbaycan hökuməti üçün əsas prioritetlərdən birinə çevrilib”.
Baş nazirin müavinin fikrincə Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır: “Azərbaycan Çinlə ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün görülən işləri davam etdirməyə hazırdır”.