Bank Of Baku

Bakıda Küveytin 62-ci Milli Günü və 32-ci Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO

Bakıda Küveytin 62-ci Milli Günü və 32-ci Qurtuluş Günü münasibətilə tədbir keçirilib - FOTO
# 22 fevral 2023 20:12 (UTC +04:00)

Bu gün Bakıda Küveyt Dövlətinin 62-ci Milli Günü və 32-ci Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Muhammad Almoved, Azərbaycan XİN rəhbərinin müavini Fariz Rzayev, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Muhammad Almoved ölkələrimiz arasında qarşılıqlı əlaqələrə toxunaraq deyib: "Küveyt və Azərbaycan arasında parlamentlərarası əlaqələrdən danışarkən vurğulamaq istərdim ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə və koordinasiya mövcuddur".

"Həmçinin tərəflər arasında müxtəlif qarşılıqlı səfərlər həyata keçirilmişdir ki, bunların sonuncusu ötən il Küveyt Millət Məclisinin nümayəndə heyətinin Bakıya səfəri olmuşdur və bu il ərzində Azərbaycan Milli Məclisi sədrinin Küveytə səfəri planlaşdırılır. Bütün bunlar iki ölkə arasında dərin əlaqələrin mövcudluğunu bir daha sübut edir", deyə səfir qeyd edib.

"Turizm sahəsindən bəhs edərkən görə bilərik ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artmışdır. Belə ki, ötən il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı artaraq 22 min nəfərə yaxın olmuşdur. Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu vardır ki, bu da öz növbəsində turizmlə yanaşı digər sahələrdə də əməkdaşlığın inkişafına öz töhfəsini verməkdədir" - diplomat əlavə edib.

Azərbaycan XİN rəhbərinin müavini Fariz Rzayev də öz növbəsində ölkələrimiz arasında sıx əlaqələrin mövcud olduğunu vurğulayıb:

"Azərbaycan Respublikası dost Küveyt Dövləti ilə əməkdaşlıq əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm verir.

Ölkələrimizin ümumi dini və mədəni dəyərləri ilə yanaşı, tarixi benzerlikleri də var. Tarixən Azərbaycan və Küveyt Şərqlə Qərb arasında iqtisadi-ticarət əlaqələrinin təşkilində mühüm rol oynayıb".

"Bu gün ölkələrimiz hər iki dövlət başçısının müdrik siyasəti sayəsində regional və qlobal səviyyədə özünəməxsus yerə malikdir.
Müstəqilliklərinin müəyyən dövründə ölkələrimiz hərbi təcavüzə və işğala və, böyük dağıntılara məruz qalıb. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq öz ədalətli mübarizəsini sona qədər davam etdirmiş və nəticədə tarixi ədalət zəfər çalıb", - Rzayev qeyd edib.

"Küveytin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi və ədalətli mövqeyi xalqımız və hökumətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq mövcuddur. BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələrin səviyyəsi bizi sevindirir" - diplomat vurğulayıb.

"Bu gün Azərbaycan-Küveyt əməkdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, turizm, təhsil, mədəniyyət və digər sahələrdə genişləndirilməsi üçün əlverişli şərait var.
Bu baxımdan mən Hökumətlərarası Birgə Komissiyanın və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin rolunu xüsusi qeyd etmək istərdim. Əminəm ki, dostluq və həmrəylik amillərinə əsaslanan Azərbaycan-Küveyt münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təsisatlar çərçivəsində uğurla davam edəcəkdir" - Rzayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR