Bank Of Baku

Baş katib: İqlim dəyişikliyi, demoqrafik faktorlar miqrant axınının daha da artmasına səbəb olacaq

Kayrat Sarıbay

© APA | Kayrat Sarıbay

# 03 mart 2023 13:03 (UTC +04:00)

“AQEM ilk öncə açıq bir struktur kimi fəaliyyətə başladı. Təşkilatın qurucuları ilk addım olaraq BMT Baş Assambleyasında iştirak etdilər və biz 2006-cı ildə status əldə etdik, bizim BMT Baş Assambleyasında öz yerimiz var”.

Bunu Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay APA-nın “Təşkilatın fəaliyyətinin genişləndirilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq hansı səviyyədədir?” sualına cavabında bildirib.

“BMT Baş katibləri ilə demək olar bütün sammitlərdə dialoqlarımız baş tutub. Baş katiblərin təşkilatımıza müraciətləri olub. AQEM-ə üzv olan ölkələr BMT Nizamnaməsinə və bu Nizamnamənin irəli sürdüyü şərtlərə sadiqdirlər. BMT ilə yanaşı, həmçinin bir sıra təşkilatlarla da inkişaf etdirilmiş münasibətlərimiz mövcuddur. Dünən mən Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru ilə görüşdüm. Hazırda miqrasiya məsələsi Asiya üçün də olduqca aktualdır və burada məsələ təkcə ondan ibarət deyil ki, biz qanunsuz miqrantlara qarşı necə mübarizə aparaq. Bizim məqsədimiz qanuni miqrasiyanı daha da inkişaf etdirməkdir. Onu da qeyd edim ki, iqlim dəyişikliyi, demoqrafik faktorlar miqrant axınının daha da artmasına səbəb olacaq. Burada yeni nə isə yoxdur, çünki Asiyanın tarixi böyük insan kütlələrinin çoxsaylı axını ilə zəngindir. İnsanlar tarixən bir coğrafi ərazidən digərinə köç ediblər, biz türklər Altay dağlarından Avropaya qədər gedib çıxmışıq”, - Baş katib qeyd edib.

Onun sözlərinə görə, AQEM-lə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) arasında da gözəl əlaqələr qurulub: “AQEM üzvü olan ölkələr üçün narkotik vasitələrin daşınmasına, mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı mübarizə böyük əhəmiyyət kəsb edir. Bu məsələ ölkələr arasında etimadın yaranmasında və qorunmasında böyük rol oynayır, bu səbəbdən bir çox ölkələr qanunvericilik orqanlarının əməkdaşları üçün bu mövzuda təlimlər təşkil edir. BMT-nin Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkovla səmimi və məhsuldar dialoqum baş tutub, hazırda təşkilatlarımız arasında geniş əlaqələr mövcud deyil. Bununla yanaşı, BMT-nin terrorçuluğa qarşı qlobal mübarizə strategiyasının həyata keçirilməsinin təşkili üçün AQEM çərçivəsində hərəkət planı qəbul edilib. Sadaladığım təşkilatlarla yanaşı, AQEM həmçinin ATƏT, ŞƏT, Ərəb Dövlətləri Liqası ilə də əməkdaşlıq edir. Bu yaxınlarda biz Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan Avrasiya İqtisadi Komissiyası ilə qarşılıqlı fəaliyyət memorandumu imzaladıq. Həmçinin, AQEM-ə üzv olan dövlətlər təşkilatın rəhbərliyinə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ilə münasibətlərin qurulması səlahiyyətini verib.

Vurğulamaq istəyirəm ki, AQEM heç bir təşkilatla rəqabət aparmır. Məqsədimiz dünyanın nüfuzlu təşkilatları ilə bir-birimizi tamamlamaq, vəhdət təşkil etmək, təcrübələrimizi bölüşməkdir. Dünya ictimaiyyətinin çətin sınaqlardan keçdiyi hazırkı dövrdə dünya təşkilatları birlikdə fəaliyyət göstərməli və gərginliyin daha da artmasının qarşısını almağa çalışmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR