Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya APA-ya açıqlamasında bildirib ki, səsvermə 3 gün davam edəcək.
"İlk olaraq, seçkilər ölkəmiz üçün xeyirli-uğurlu olsun. 2014-cü ildən bəri xarici ölkələrdə yaşayan türk vətəndasları səsvermə hüquqlarından istifadə edirlər. Artıq bu onların 6-cı səsverməsidir. Bu gün xaricdə yaşayan 3 milyondan çox Türkiyə vətəndaşının səsverməsi gözlənilir. Ölkəmiz tərəfindən 73 ölkədə 151 təmsilçiliyimizdə məntəqə yaradılıb. Hətta təmsilçiliyimiz olmayan ölkələrdə belə sandıqlar quraşdırılıb. Bu gün digər yerlərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Türkiyə vətəndaşlarının səs verməyi üçün Baş konsulluqda məntəqə yaradılıb. Səsvermə 3 gün səhər saat 9-dan axsam 9-dək davam edəcək. Naxçıvanda 1350 türk vətəndaşının səs verməsi gözlənilir".