Bəhruz Məhərrəmov: “Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına çevirəcək”

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatı

# 22 iyun 2022 14:18 (UTC +04:00)

“Yaxın tarixdən bəllidir ki, Özbəkistan Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərini rəhbər tutmaqla prinsipial müsbət mövqe sərgiləyən dövlətlərdəndir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, müstəqilliyin ilk illərində, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə məhz Azərbaycanın o zamankı idarəçilərinin aşkar səriştəsizliyi ucbatından Daşkəndlə münasibətlərdə ciddi gərginlik yarandığı məlumdur:

“Lakin mərhum Prezident İslam Kərimov bu insanların fəaliyyətinin mahiyyətini dərk edib, onların Azərbaycan xalqının iradəsini ifadə etmədiyini doğru qiymətləndirərək bu yarıtmaz idarəçilərin məsuliyyətsizliyinə görə Azərbaycan xalqının mənafelərini qurban verməyərək Ermənistanla münaqişədə bizim haqq işimizə aşkar və əməli dəstək vermişdi. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Özbəkistanla Azərbaycanın münasibətlərindəki səriştəsiz AXC-Müsavat cütlüyünün səbəb olduğu xoşagəlməz tendensiya aradan qaldırılıb, 1995-ci ildə Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr yaradılıb. Təsəvvür edin ki, hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq Özbəkistanda hələ də Ermənistan, Ermənistanda isə Özbəkistan səfirlikləri fəaliyyət göstərmir. Bundan başqa, Özbəkistan BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixli "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnaməni dəstəkləyən yeganə Mərkəzi Asiya ölkəsi olub, Azərbaycan və Özbəkistan Prezidentləri tərəfindən 2010-cu ildə imzalanan Daşkənd Birgə Bəyannaməsində bu ölkə açıq şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk öncə bizim suverenliyimiz, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına riayət olunması və təmin edilməsi, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmasının zərurətini bəyan edib. Özbəkistan hakimiyyətinin ilk gündən sərgilədiyi bu ədalətli və haqqa əsaslanan mövqe 2016-cı ildə Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra da davam etdirilib, Ermənistanla soyuq təmaslara üstünlük verilib. Şavkat Mirziyoyev eyni zamanda da Müstəqil Dövlətlər Birliyinin sədri olduğu bir dövrdə Vətən müharibəsində İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə qazanılan Qələbə münasibətilə nümayişkaranə şəkildə Azərbaycan xalqını təbrik edib. Hətta ötən ilin noyabr ayında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Özbəkistan Prezidenti Füzulidə böyük məktəb inşa ediləcəyini bildirməklə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında quruculuq və bərpa prosesinə əməli dəstəyini ifadə edib. Hazırda Azərbaycanla Özbəkistan arasında əsl qardaşlığın rəmzi olan 960 yerlik məktəbin tikintisi üçün ilkin işlərə artıq başlanılıb. Aydındır ki, Azərbaycanın gücü də, imkanları da kifayətdir ki, bütün işləri özü reallaşdırsın, lakin Özbəkistan Prezidenti bu nəcib və mərd addımı ilə bir daha iradə nümayiş etdirərək Azərbaycan xalqının yanında olduğunu göstərdi. Təbii ki, bu xoş münasibət birtərəfli deyil. Nəzərə almalıyıq ki, Azərbaycan da həm Ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyevin hakimiyyəti illərində Özbəkistanla əməkdaşlığın bütün səviyyələrdə inkişafına diqqət yetirib, beynəlxalq səviyyədə bu ölkəyə daim açıq dəstək ifadə olunub. Xüsusən Prezident İlham Əliyev də Türk dünyasının, o cümlədən də Özbəkistanın mənafelərini həmişə bütün səviyyələrdə müdafiə edib, türkdilli dövlətlərlə, o cümlədən qardaş özbək xalqı ilə münasibətlərin daha üst səviyyəyə çatması üçün bütün imkanları səfərbər edərək ciddi səylər ortaya qoyub. Bu mənada elə son iki illik dövrdə Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri kimi səylərinə baxmaq kifayətdir. Azərbaycan Prezidenti pandemiya dövründə ilk növbədə məhz Türk dünyasının səylərini birləşdirməyə nail olub, Özbəkistan da Prezident İlham Əliyevin bu bəşəri səylərinə dəstək verən tərəflərdən biri olub”.

Deputat nəzərə çatdırıb ki, Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıq və Prezident İlham Əliyevin Türk dünyası üçün açdığı imkanlar fonunda Özbəkistan üçün də Qərb istiqamətində yeni potensial formalaşmış oldu: “Xüsusən Zəngəzur dəhlizinin açılması istiqamətində işlər, o cümlədən Özbəkistanın özünün Hind Okeanına və Şərqi Asiyaya uzanan nəqliyyat layihələri onu deməyə əsas verir ki, Bakı-Daşkənd əməkdaşlığı Türk dünyasını tranzit habına, kommunikasiya arteriyasına çevirəcək. Bu məsələlərdə Özbəkistan və Azərbaycan Prezidentlərinin üst-üstə düşən mövqeyi və əzmləri indidən ciddi perspektivlər vəd edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də bu mənada yalnız iki ölkə arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda ciddi regional siyasi hadisə hesab edilməlidir. Xüsusən münasibətlərimizdə yeni səhifə açan son səfər zamanı imzalanmış çoxsaylı sənədlər, o cümlədən Azərbaycan və Özbəkistan arasında tərəfdaşlığı strateji səviyyəyə yüksəldən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” bütövlükdə regionun taleyini dəyişə biləcək siyasi proseslərdir. Azərbaycan və Özbəkistan Prezidentlərinin strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı sazişlər imzalaması müstəqil siyasət yürüdən, bölgədə güc nisbətini köklü təsir edə biləcək əməkdaşlıq və sülhün qarantına çevrilən yeni və müstəqil güc mərkəzinin formalaşmasından xəbər verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR