Son 3 ildə proseslərin gedişatı göstərir ki, Azərbaycanın Vətən müharibəsində Zəfəri qlobal miqyasda güc nisbətinə təsir edən nəticələrlə müşayiət olunmaqdadır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, Fransa başda olmaqla Ermənistanın Qərbdəki havadarlarının xüsusi canfəşanlığı deməyə əsas verir ki, yeni reallığın Ermənistanla bərabər məğlub tərəfi həm də onlardır: “Azərbaycanın artan hərbi-siyasi imkanları, o cümlədən güclü müttəfiqlikləri, ən əsası Prezident İlham Əliyevin qlobal miqyasda nüfuzu fonunda Fransa regionda güc dili ilə danışa bilməyəcəyini kifayət qədər yaxşı anlayır. Amma eyni zamanda da görünən odur ki, Paris regiondakı məğlubiyyəti ilə belə tezliklə barışmaq niyyətində deyil. Xüsusən Rusiya-Ukrayna müharibəsi fonunda daha Ermənistanı Moskvanın nəzarətindən çıxarıb öz orbitinə keçirmək üçün real imkan var ikən. Belə olan halda Fransanın ümidi ənənəvi fransız metoduna, şantaj və qarayaxma kampaniyasına qalır. Fransanın Azərbaycana qarşı apardığı təxribat və yalan kampaniyası – Azərbaycanın işğalçı, Ermənistanın qurban kimi qələmə verilməsi də məhz bu prosesin tərkib hissəsidir. Bu bizi təəccübləndirdimi? Təbii ki, xeyr, əksinə biz Parisdən bu təxribatçı davranışları gözləyirdik. Unutmaq olmaz ki, bu, son üç ildə Fransanın Azərbaycana informasiya və diplomatik müstəvidə hücumlarının üçüncü mərhələsidir. Birinci mərhələdə - Vətən müharibəsinin gedişatında Fransa bütün gücü ilə Azərbaycana hücum kampaniyasına start vermişdi, hətta barəmizdə bizi təcavüzkar kimi tanıyan qətnamə qəbulu üçün məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxardı. Amma təcrübəli diplomat və siyasətçi, qlobal səviyyəli lider olan İlham Əliyevin Makron və komandasından bütün istiqamətlərdə bir neçə addım öndə olması Bakıya prosesi zərərsizləşdirməyə imkan verdi. İkinci dəfə bu ilin aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin təsisi ilə, ərazi bütövlüyümüzün təmin edilməsinin ardınca Paris yenidən aktivləşdi. Prezident İlham Əliyevin beynəlxalq hüququ rəhbər tutması və qlobal miqyasda müttəfiqlikləri Fransanı növbəti dəfə həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT Təhlükəsizlik Şurasında yenidən fiaskoya uğratdı”.
Deputat qeyd edib ki, indi qarayaxma kampaniyasının üçüncü mərhələsidir və Fransa yenidən Bakını eyni ssenari ilə təhdid etməyə çalışır: “Prezidentin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən dediyi kimi, bu sadəcə, gülüncdür. İlk növbədə ona görə ki, Fransa hüquqa və ədalətə yox, özünün maraqlarını ehtiva edən fantaziyalara əsaslanır ki, bunun da dəlil kimi heç bir hüquqi çəkisi ola bilməz. İkincisi, Fransanın nəinki Azərbaycanı “beynəlxalq hüququ pozmaqda” ittiham etməyə, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur. Müasir dövrdə, XXI əsrdə hələ də müstəmləkə dövləti kimi qalan Fransanın neokolonial siyasəti, müxtəlif qitələrdə, ələxsus Afrika, Asiya və Mərkəzi Amerikada törətdiyi cinayətlər, Parisdə hələ də əlcəzairli qəhrəman vətən müdafiəçilərinin kəllə sümüklərindən ibarət muzeyin qalması fonunda Fransa söz haqqını itirib. Eyni zamanda 30 illik vicdansız, faydasız və münaqişənin davamlılığına yönəlik vasitəçilik missiyasının ardınca bu gün artıq tam açıq formada birtərəfli siyasət yürüdən, bütün diplomatik normaları pozan, təxribat və yalanlara əl atan Fransanın yenidən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, sülh prosesində vasitəçiliyə can atması absurddur və anlaşılan deyil. Əslinsə Paris ən azı son üç ildə davranışları və qərəzli xisləti səbəbindən regionda arzuolunmaz subyekt olduğunu anlamalı idi”.