Rusiya-Azərbaycan Ekspertlər Şurası qısa müddət ərzində iki ölkə ekspertlərinin əməkdaşlığı üçün daimi platformaya çevrilib.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ildönümünə həsr edilmiş "XXI əsrdə Rusiya - Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" konfransında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bu şura iki komponenti ilə olduqca əhəmiyyətlidir: bir tərəfdən hər iki ölkənin ekspert icmalarının fikir mübadiləsi və dialoqunun qurulması, yeni ideyalarla tanış olmağımız üçün çox əhəmiyyətlidir və böyük dəstəkdir. Eyni zamanda, hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətləri inkişafının dinamikası, hər bir sahədə əməkdaşlığın aktivliyi, strateji tərəfdaşlığa dair yüksək səviyyəli dialoqlar, dövlət başçıları və XİN səviyyəsində görüşlər şuranın fəaliyyətini daha da sürətləndirir. Əldə olunan praktiki materiallar da ekspertlər tərəfindən işlənilir, analiz edilir. Ötən il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması həm XİN, həm də ekspertlər şurasının xətti ilə qeyd olunub. Bu, kifayət qədər çətin və tarixi dövr ərzində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib ki, bir sıra elementlər ikitərəfli əlaqələrin inkişafına təsir göstərib və burada mən ölkələrimizin liderləri arasında mövcud olan qarşılıqlı etimad və qarşılıqlı anlaşmanın səviyyəsini xüsusi qeyd etmək istəyirəm”, - Azərbaycan XİN rəhbəri vurğulayıb.
Qeyd edək ki, konfransda Azərbaycan və Rusiya XİN rəhbərləri Ceyhun Bayramov və Sergey Lavrov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AİR Center) İdarə Heyətinin sədri Fərid Şəfiyev və digər rəsmi şəxslər iştirak edib.