İl ərzində ən böyük humanitar yardım davamlı şəkildə Ukraynaya göndərilib.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan beynəlxalq humanitar yardım proqramlarında fəal iştirak edib. İraq, Braziliya, Uqanda, Efiopiya, Əfqanıstana humanitar yardım göstərilib. Pakistanda baş verən fövqəladə hadisə ilə bağlı bu ölkəyə böyük yardım göstərilib. Bu il ərzində ən böyük humanitar yardım, 30 milyon manatdan artıq humanitar yardım təkcə dövlət institutları tərəfindən Ukraynaya göndərilib. Bu humanitar yardım fevral ayından bəri davamlı şəkildə çatdırılıb”, - nazir vurğulayıb.
Nazir qeyd edib ki, 2022-ci ildə milli qanunvericiliyə ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri fəaliyyət həyata keçirilib:
“Bu müddət ərzində vətəndaşlarımızın İraq və Suriyadan repatriasiyası, həmçinin Ukraynadan təxliyəsi həyata keçirilib. 2022-ci ildə 54 uşaq və 14 qadın olmaqla 68, 2020-ci ildən 409 vətəndaşın İraq və Suriyadan repatriasiyası həyata keçirilib. Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsi təmin olunub”.