Azərbaycanda qadın hüquqlarının qorunması üçün ciddi addımlar atılır və böyük uğurların əldə olunduğunu görürük.
APA xəbər verir ki, bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Koloma tədbir zamanı deyib.
Diplomat Çili və Azərbaycan hökumətlərinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birinin ölkələrimizdə gender bərabərliyinin təmin edilməsi olduğunu qeyd edib: “Biz görürük ki, Azərbaycan hökuməti də bu sahədə olduqca geniş işlər görür və ölkənizdə qadın hüquqlarının qorunması istiqamətində gözəl addımlar atılır. Azərbaycanın qadın nümayəndəsinin şahmat üzrə dünya çempionu olması olduqca gözəl nümunədir və Çili üçün də bu bir təcrübədir”.
Çilili diploma hər bir sahədə olduğu kimi, idman sahəsində də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
“Bizim ölkəmiz Azərbaycan şahmat məktəbindən öyrənməyə maraqlıdır. Şahmat üzrə dünya çempionatında Azərbaycandan qadın şahmat təmsilçisi Gövhər Bəydullayevanın fəxri birinci yerə sahib olması ölkənizin qadınların inkişafı üçün gördüyü işlərin bariz nümunələrindən biridir", - diplomat bildirib.
Tədbirdə iştirak edən millət vəkili, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəri Azər Badamov da ölkələrimiz arasında hər sahədə əməkdaşlığın həyata keçirilməsinə tərəflərin maraqlı olduğunu diqqətə çatdırıb: “Çili-Azərbaycan dostluq qrupunun ölkələrimiz arasında münasibətlərin daha da yüksək səviyyəyə çatdırılması üçün böyük əhəmiyyətli layihələr həyata keçirir”.