“Hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük önəm verirlər”.
Bunu APA-ya açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov bildirib.
Müşfiq Cəfərov deyib ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur: “Hər iki ölkəni dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Tərəflərin münasibətləri ortaq faydalı tərəfdaşlıq xarakteri daşıyır. Həm İtaliya, həm də Azərbaycan rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Prezident İlham Əliyevin ötən il İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında böyük əhəmiyyət kəsb etdi. Həmin səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, qarşılıqlı faydalılığa əsaslanan yeni əməkdaşlıqların da əsası qoyuldu. Həmçinin ölkə başçısının bu səfəri zamanı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə dair faydalı müzakirələr aparılıb”.
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü qeyd edib ki, son zamanlar isə hər iki ölkə arasındakı təhsil sahəsində əməkdaşlıq yüksək qiymətləndirilir: “Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması da buna bariz nümunədir. Bu universitet gələcəkdə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması baxımdan olduqca faydalı olacaq”.
Müşfiq Cəfərov İtaliyanın Avropada Azərbaycanın böyük ticarət və ixracat tərəfdaşı olduğunu söyləyib: “Pandemiya dövründə də iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb. Həmin dövrdə bir çox ölkələrin ticarət göstəriciləri aşağı düşsə də, bu, Azərbaycan və İtaliya arasındakı iqtisadi əlaqələrə təsir etmədi. Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bu bölgədə İtaliyanın apardığı ticarətin 90 faizindən çoxu Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsi zamanı qeyd etdiyi kimi iki ölkə arasında tərəfdaşlıq uğurla həyata keçirilir. Eləcə də biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. Avropa ittifaqı ilə Azərbaycanın yaxınlaşması da İtaliya dövləti üçün olduqca vacib haldır, bu səbəbdən hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib”.
Deputat deyib ki, istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də sonrakı dövrdə İtaliya mətbuatı daim Azərbaycanı dəstəkləyib: “İl Sole 24 Ore” və “Gli Occhi della Guerra” qəzeti Azərbaycanın sülhsevər mövqeyini daim dəstəkləyib və dövlətimizin bu sahədə olan fəaliyyətinə dair materiallar işıqlandırıb. Yeri gəlmişkən, bu gün Bakıda müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilir. Bu stansiya İtalyanın “Made in Italy” və “Ansaldo Energia” şirkətlərinin iştirakı ilə tikiləcək. Azərbaycanla İtaliya enerji sahəsində növbəti bir uğura imza atır. Həmçinin bu layihə beynəlxalq xarakter daşıyacaq. Çünki burada Çinin bir şirkəti də iştirak edəcək’.