Bank Of Baku

Deputat: Təxribat Ermənistanın məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışdığını göstərir

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 12 aprel 2023 19:07 (UTC +04:00)

“Aprelin 11-də sərhəddə baş vermiş hərbi təxribat Ermənistanın məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə çalışdığını göstərir. Strateji əhəmiyyət kəsb etməyən bir obyektdə korpus komandirinin olması bu təxribatın Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə həyata keçirildiyini deməyə əsas verir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, Ermənistan hakimiyyəti son dövrlər ziddiyyətli, ümumilikdə sülh prosesini ləngitməyə çalışan açıqlamalarla çıxış edir. O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığı, tərəflərin Vaşinqtona dəvət olunması ilə bağlı ideyanın müzakirə olunduğu bir vaxtda Ermənistanın bu təxribatını təsadüfi hesab etmək olmaz: “Bu təxribatı zaman və regionda baş verən proseslər kontekstində qiymətləndirmək lazımdır. Açıq şəkildə görünür ki, Ermənistan hökuməti müxtəlif addımlarla sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Əsas məqsəd ondan ibarətdir ki, hadisənin bütün məsuliyyəti Azərbaycanın üzərində qalsın. Lakin ordumuzun peşəkarlığı, müvafiq dövlət strukturlarının çevik reaksiyası bu planın həyata keçməsinə imkan vermədi”.

Soltan Məmmədov vurğulayıb ki, son dövrlər dünyada və regionda baş verən mürəkkəb proseslər Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün təcili addımlar atılmasının zəruriliyini göstərir. Xatırladıb ki, Azərbaycan Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini vurğulayıb: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan üç Cənubi Qafqaz ölkəsinin bir araya gələrək görüş keçirməsi ilə bağlı təkliflə çıxış edib. Yəni, Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olduğunu konkret addımları ilə nümayiş etdirir. Ermənistan isə tamamilə fərqli və zərərli bir mövqedən çıxış edir. Bu mövqe Ermənistanın özünün maraqlarına zərbə vurmaqla yanaşı, Cənubi Qafqazda təhlükəsizlik üçün də təhdiddir. Ermənistan öz ənənəvi siyasətini dəyişməli, bölgənin ümumi inkişafına və rifahına xidmət edən siyasət həyata keçirməlidir. Hesab edirəm ki, burda beynəlxalq ictimaiyyətin də üzərinə müəyyən məsuliyyət düşür. Ermənistanı təxribatçı fəaliyyətindən əl çəkməsi üçün beynəlxalq birlik konkret çağırışlar etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR