Bank Of Baku

Dəyişən və dəyişdirən qardaş Türkiyə

Hikmət Babaoğlu

© APA | Hikmət Babaoğlu

# 24 aprel 2023 13:25 (UTC +04:00)

İllər öncə Hopa sərhəd qapısından keçib Artvin yolu ilə Qarsa oradan isə İstanbula səfər etməli oldum. 1990-cı illərin sonunda hələ də Türkiyənin doğusunda yerləşən şəhərlərdə at arabalarından nəqliyyat və yükdaşıma vasitəsi kimi istifadə edilməsi məndə təəssüf qarışıq təəccüb hissləri yaratmışdı. Dar və birtərəfli yollarda uzun məsafələr qət etmək həm təhlükəli, həm də çətin idi. Hər axşam xəbər proqramlarında yol nəqliyyat hadisələri haqında acı xəbərlər eşitmək heç kəsi təəccübləndirmirdi. Tez-tez hökumətlər dəyişsə də, dəyişməyən bir gerçəklik vardı. Xarici borclar və Beynəlxalq Valyuta Fondundan alınan yüksək faizli kreditlər qardaş ölkənin inkişafının qarşısında keçilməz səddə çevrilmişdi. Bu kədərli mənzərə yadıma əslən Qarabağlı olan şair Bülənt Yavuz Bakilərin Türkiyəyə həsr etdiyi şerin misralarını salırdı –

Ben, kağnılarla yaylılarla büyüdüm geldim

Çocuk yüreğimi yakan türküler dinleye dinleye.

Mahzun kağnılarla, nazlı yaylılarınla

Ve tozlu yollarınla sevdim seni Türkiye!

Bir Peygamber sofrasıydı soframız:

Biraz tandır ekmeği, biraz çökelek...

Yoksulluğunla da bağlandım kaldım sana

Mecnunlar gibi üstelik.

Türkiye'm! Hasretim! Kınalı türküm!..

İç içe güzellik, uc uca kahır

Yüreğimi bin parçaya bölseler

Her parçası yine seni çağrışır.

Mən bu şeiri oxuduqca Qərbi Azərbaycanın ( Ermənistan) Türkiyə ilə həmsərhəd olan kəndlərindən birində dünyaya göz açdığım üçün ağlımız kəsəndən bəri həsrətini çəkdiyimiz Türkiyənin, xınalı türkümüzün nə zaman inkişaf edib güclənəcəyini xəyal edirdim. Hələ o zamandan bəri dərk etdiyim həqiqətlərdən biri bu idi ki, yalnız Türkiyə güclü olarsa biz Qarabağımızı işğaldan azad edə bilərik! Zaman sübut etdi ki, qənaətimdə haqlı imişəm. Doğurdan da 2002-ci ildən sonra müasir qüdrətli Türkiyənin siyasi memarı Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra qardaş ölkə addım-addım inkişaf edərək bugünkü inkişaf səviyyəsinə gəlib çatmağı bacardı.

Tozlu yollardan geniş magistrallara, kağnılardan TOGG-a

Cəmisi bir neçə gün öncə yenə də Türkiyədə səfərdə idim. Artıq Türkiyədə nə tozlu yollar var, nə də kağnılar (taxta təkərli yük arabası). Bu gün Ərdoğanın rəhbərlik etdiyi AK Partinin 21 illik sabit hakimiyyəti dövründə Türkiyə istiqrarın, inkişafın, elmin, sənayenin mərkəzlərindən birinə çevrilib. Qardaş ölkənin bütün ərazisi müasir və geniş magistral yollarla bəzənib, dənizin altından keçən Marmaray inşa edilib. Türkiyənin şimalı ilə şərqini birləşdirən Ziqana tuneli çəkilib, Yavuz Sultan Səlimin adına layiq olan yeni körpü salınıb, Osman Qazi körpüsü tamamlanıb, kilometrlərlə metro xətləri çəkilib, dünyanın ən müasir böyük hava limanı - İstanbul Hava Limanı tikilib, ən nəhayət, magistral yolların “Kızılelması” olan milli avtomobil TOGG istehsal edilməyə başlanıb. Bunlar qürurvericidir və Ərdoğan hakimiyyətinin çoxsaylı uğurlarından yalnız bir neçəsidir.

Ulu Öndər Atatürkün “istiqbal göylərdədir” vəsiyyəti və müasir Türkiyə

Hələ Türkiyə Cümhuriyyəti qurularkən böyük dövlət xadimi və dahi sərkərdə Mustafa Kamal Atatürk demişdi ki, istiqbal göylərdədir. Ancaq çox təəssüf ki, qlobal imperializm nəinki türkləri göylərdə istiqbal axtarmağa qoymuş, onlara göylərə baxmağı belə qadağan etmişdi. Yalnız son bir neçə ildə inkişaf edən türk hərbi sənayesi türkün göylərdə olan istiqbalını yaxalaya bildi. Milli döyüş təyyarəsindən “Hürquş” təlim təyyarəsinə, “Kızılelma”-dan başlamış İHA və SİHA-lara qədər yeni sənaye inqilabı məhsulları istehsal edərək göylərə hakim olmağı bacardı. Qardaş Türkiyənin bu gücü təkcə onun deyil, başda Azərbaycan olmaqla bütün türk dövlətlərinin gücünə çevrildi. Biz həm də bu gücün verdiyi imkanlar hesabına tarixi zəfərə imza ata bildik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə nümayiş etdirdiyi siyasi iradə və qətiyyət qlobal imperializmin işğalçılıq siyasətinə son qoya bildi. Məhz ona görə Azərbaycan Prezidenti İlham Əliyev illər öncə demişdi ki, Türkiyənin gücü bizim gücümüzdür. Əldə etdiyimiz tarixi zəfərimizdən sonra isə bildirdi ki, Türkiyə ilə Azərbaycan bir yumruq, bir ürək, bir candır! Birliyin, qardaşlığın və müttəfiqliyin siyasi düsturu olan bu fikir şübhəsiz ki, ən yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkəyə şamil olunacaq. Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının hərbi-siyasi doktrinasına çevriləcək.

Türk Şurasından Türk Dövlətləri Təşkilatına doğru

Hazırkı mürəkkəb tarixi mərhələdə Türk dövlətlərinin birliyi milli mənafelərimiz baxımından ən strateji və aktual məsələlərdən biridir. Çünki dəyişən dünyada milli maraqların qorunması təkbaşına heç bir ölkənin gücü daxilində deyil. Ona görə də Türkiyənin inkişafı, iqtisadi gücünün artması, hərbi cəhətdən qüdrətli olması və beynəlxalq nüfuzunun artması arzu edilən bu birlik üçün ən yaxşı təminatçı ola bilərdi ki, Türkiyə son illərdə məhz belə bir siyasi rol model olmağı da bacardı. Əcdadımız İsmayıl bəy Qaspıralı Türk dünyasına xitabən qərinələr öncə demişdi ki, işdə, əməldə və düşüncədə birlik. Bu çağırış Türk dünyasının qurtuluş və müttəfiqlik formulu idi. Uzun illər boyu gerçəkləşdirilə bilməyən bu ideya bu gün qardaş ölkə Türkiyə və Azərbaycanın liderliyində günümüzün reallığına çevrilib. Türk Dövlətləri Təşkilatı təkcə siyasi ittifaq deyil, həm də böyük iqtisadi və hərbi-siyasi güc mərkəzinə çevrilməkdədir.

Şimali Afrikadan Yaxın Şərqə, Balkanlardan Qafqazlara qədər hər yerdə Türkiyə var

Son illərin müstəqil Türkiyəsinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qardaş ölkənin dünyada söz sahibinə çevrilməsi gerçəkliyidir. Bir zamanlar ən yaxın qonşusunda baş verən müharibəyə müdaxilə edə bilmək iqtidarında olmayan Türkiyə bu gün dünyanın istənilən nöqtəsində öz maraqlarını qoruya bilən, real müdaxiləetmə mexanizmlərinə sahib olan bir ölkədir. Şimali Afrikada, Ərəbistan yarımadasında, Yaxın Şərqdə, Şərqi Avropa və Balkanlarda, Cənubi Qafqazda və Orta Asiyada baş verən hər hansı bir hadisə yaxud yeni hərbi-siyasi güc balansı bu və ya digər formada Türkiyənin iştirakçılığını tələb edir. Bu, əsl böyük dövlət olmaq qüdrətinin təntənəsidir. Türkün tarixi missiyasının özünə qaytarılmasıdır!

Bütün dünyada qlobal terrora qarşı durmağı bacaran tək ölkə - Türkiyə

2001-ci ildən sonra ABŞ qlobal terrorizmə qarşı bir koalisiya yaratdığını elan etdi. Ancaq həmin vaxt Türkiyə 1984-cü ildən bəri terror qarşı mübarizə aparırdı. Etiraf etmək lazımdır ki, antiterror əməliyyatlarında o qədər də uğur qazana bilmirdi. Ona görə ki, birinci, özünün hərbi sənayesi yox idi, ikincisi isə başda bəzi NATO müttəfiqləri olmaqla bütün qonşu ölkələri Türkiyəyə qarşı terror müharibəsinin içində idilər. Yalnız son illərdə Türkiyə terrora qarşı səmərəli mübarizə aparmağa başladı. Ona görə ki, Ərdoğanın formalaşdırdığı siyasi hakimiyyət sözün əsl mənasında türk milli iradəsinin təmsilçisinə çevrilməyi bacardı və terrorizmə qarşı bütün lazımi mübarizə silahlarını özü istehsal etməyə başladı.

14 mayıs sadəcə 14 mayıs deyil, həm də yeni 29 ekimdir

Bu gün türk xalqı özünün ən yeni tarixinin mühüm və strateji imtahanını verməyə hazırlaşır. Bu imtahanın nəticəsi həm güclü və qüdrətli Türkiyənin daha da güclənməsi və inkişafı həm də Türkiyəni bölmək istəyənlərin, onu Ərdoğan hakimiyyətinə qədərki siyasi xaosa, siyasi istiqrarsızlığa sürükləmək istəyənlərin arzularının gerçəkləşməsi ola bilər. Yəni qısacası, bu tarix Türkiyə Cümhuriyyətinin 21-ci əsrdə yenidən elan edilməsi qədər əhəmiyyətlidir. Ona görə də inanırıq ki, müdrik Türk xalqı düzgün qərar verərək qardaş Türkiyəmizi, xınalı Türkümüzü yeni yüzilliklərə daşıyacaq milli iradə nümayiş etdirməyi bacaracaq. Yolun açıq olsun Türkiyəm! Bütün türk dünyasının gələcəyi sənin uğurlarına, inkişafına, gücünə və qüdrətinə bağlıdır.

Tanrı Türkü Qorusun !

Hikmət Babaoğlu

Millət vəkili, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü,

Yeni Azərbaycan Partiyasının parlament koordinatoru

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR