Dövlət katibinin köməkçisi: ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür - YENİLƏNİB

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn

© APA | Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn

# 28 iyun 2024 18:08 (UTC +04:00)

“Bizim Azərbaycanla bir çox sahədə güclü və səmərəli tərəfdaşlığımız var. Biz əməkdaşlıq sahələrini daha çox gücləndirmək və genişləndirmək istəyirik”.

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Bugünkü görüşlərdə regiondakı vəziyyət və hökumətlərimizin birlikdə daha çox, effektiv şəkildə işləmək imkanlarını nəzərdən keçirdik. Müzakirə etdiyimiz konkret məsələlərdən bir neçəsini qeyd edəcəyəm. Xüsusilə Prezidentlə, sonra xarici işlər naziri və digər rəsmi şəxslərlə biz Orta Asiyadan Atlantik okeanına qədər regiondakı vəziyyəti nəzərdən keçirdik. Son illər ərzində baş verən hadisələrin Azərbaycanın bu regionun siyasətinin yenidən formalaşmasında mərkəzi rol oynamasına necə şərait yaratdığına nəzər salsaq, Ermənistanla sülh əldə etmək üçün mühüm məqamı görürük. Bu, həm ölkələr arasında onilliklər boyu davam edən mübahisəni həll etmək, həm də gələcəkdə sülh yolu ilə qonşuluq münasibətləri qurmağa imkan verən bir yoldur”.

O bildirib ki, bu proses həm də bütövlükdə bölgəyə fayda verəcək.

“Çünki düşünürük ki, onların (Azərbaycan və Ermənistan-red.) əməkdaşlığı həm bəzi mənfi maraqları ola biləcək qonşularla təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdıracaq, həm də malların Mərkəzi Asiyadan, Azərbaycandan, Gürcüstan və Ermənistandan keçməklə qlobal bazarlara daşınmasına şərait yaradacaq. Bu, hər bir ölkə üçün yaxşı olacaq və əsas tranzit ölkələri - Azərbaycan və Ermənistanda böyük iqtisadi imkanlar yaradacaq. Biz bunun üzərində işləməyin vacibliyini müzakirə edirik və hər iki tərəf bunun reallaşmasında çox maraqlı olduqlarını söyləyirlər”.

Ceyms O’Brayn COP29-a Azərbaycanın sədrliyini və iqlim dəyişikliyi danışıqlarını müzakirə etdiklərini də deyib:

“ABŞ Azərbaycanın oynadığı bu rolu qətiyyətlə dəstəkləyib, bu məsələdə bacardığı qədər məsləhət və texniki dəstək verib. Biz inanırıq ki, iqlim dəyişikliyi dünya üçün əsas problemdir və bu konfrans bərpa olunan yanacağa keçidi sürətləndirmək və bu proseslə məşğul olmaq üçün vacib olan bəzi məsələlərdə real irəliləyiş əldə etməyə imkanı verir”.

O həmçinin, Bakıda insan haqları və demokratiyanın əhəmiyyətini müzakirə etdiyini qeyd edib.

***

16:49

Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.

APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional məsələləri, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.

Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür. O əlavə edib ki, “münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, eyni zamanda, bunun iqtisadi səmərələri olacaq”.

Ceyms O’Brayn görüşlər zamanı Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb: “Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. İqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.

Diplomat görüşlər zamanı insan haqları və demokratiyanın vacibliyi məsələsinə toxunduğunu da diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR