O sabahın daha aydın olması isə türkiyəli bacı-qardaşlarımızın seçimindən asılıdır
Düz 108 il əvvəl, 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının zəfəri ilə sona çatan Çanaqqala dəniz döyüşləri təkcə Türkiyənin deyil, türk-islam dünyasının əbədi boyunduruq altında qalmasının qarşısını aldı. Dahi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qəhrəman Türk ordusunun Çanaqqala cəbhəsində apardığı mübarizə və əldə edilən 18 mart zəfəri eyni zamanda bütün dünyada proseslərin gedişatına da təsir etdi. Bu zəfər dünya düzənini, dünya ölkələrində qüvvələr nisbətini dəyişdi, böyük türk millətinin gücünü bir daha ortaya qoydu.
Bu, həm də Osmanlı Türkiyəsini parça-parça etmək istəyən imperialist güclərin oynadıqları çirkin oyunların davam etməsinin qarşısını aldı. Düzdür, az müddət sonra Osmanlı Türkiyəsinin varlığına son qoyuldu. Amma “küldən od törəyər” misalı qoca Osmanlının nüvəsindən şaha qalxan Türkiyə Cümhuriyyəti imperialist güclərin bütün türk dünyasını kölə etmək, türk dünyasına ağalıq etmək istəyini gözündə qoydu.
Dünəndən boylanan tarix
Beləliklə, dahi Mustafa Kamal Atatürkün öndərliyində qurulan Türkiyə Cümhuriyyəti addım-addım irəlilədi. Ən ağır, ən çətin sınaqlardan uğurla çıxdı və 100 illik möhtəşəm bir yol keçdi. Lakin bu gün 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yenə də çətin və taleyüklü sınaqlar qarşısındadır. Özü də 100 il öncə olduğu kimi bu gün də təkcə Türkiyənin deyil, eyni zamanda bütövlükdə Türk dünyasının gələcəyi sınaq qarşısındadır. Bu sınaqdan necə çıxılacağı isə türkiyəli bacı-qardaşlarımızın mayın 14-dəki seçimindən asılı olacaq.
Təbii ki, yazımızın sonrakı bəndlərində bu məqama yenidən toxunacağıq. Amma hələlik onu da qeyd etməyi vacib sayırıq ki, 100 yaşlı Türkiyə Cümhuriyyətinin tarixində heç də hər zaman hər şey hamar getməyib. Yaxud da belə deyək ki, bu illər ərzində heç də Türkiyə hər zaman indi olduğu qədər qüdrətli, dünyanın imperialist gücləri qarşısında dik dayanan, ən əsası isə yerləşdiyi regionun lideri və qlobal proseslərə təsir edə bilən ölkə olmayıb. Bunun da kökündə dayanan əsas səbəb, məhz o imperialist güclərin müxtəlif zaman kəsimlərində Türkiyədə daxili qarşıdurmalar, tez-tez dövlət çevrilişləri etməsi və necə deyərlər, “ağıllı”, “sözəbaxan” hökumətləri iş başına gətirməsi olub.
Yəni, deməyimiz o ki, məhz bu qarışıqların, qarğaşaların kökündə duran əsas səbəb Türkiyənin regionun lider dövləti olmasının, qlobal proseslərə təsir edə bilməsinin, Türk dünyasının mövqeyini, İslam aləminin mənafelərini qorumasının qarşısını almaq olub. Bütün bunlar 20 il öncəyə qədər davam etdi.
Bu günün Türkiyəsi – qlobal proseslərin aparıcı aktorlarından biri
20 il öncə Türkiyə siyasi səhnəsində zəlzələyə səbəb olan bir hadisə baş verdi. Lakin bu zəlzələ dağıdıcı deyil, qurucu təsirlərə səbəb oldu. Məhz həmin siyasi zəlzələnin nəticəsidir ki, bu gün Türkiyə yerləşdiyi regionun lideri, qlobal proseslərin isə aparıcı aktorlarından biridir.
Beləliklə, dünənin Türkiyəsindən fərqli olaraq bu günün Türkiyəsi müstəqil daxili və xarici siyasət həyata keçirir. Artıq hansısa xarici dövlətin diqtəsi deyil, dövlətin və xalqın milli maraqları əsasında reallaşan bu siyasət nəticəsində Türkiyə qlobal güc mərkəzlərindən birinə çevrilib. Bu gün Türkiyə Qərbin imperialist dairələrinin Suriya, Liviya, İraq, o cümlədən ərəb dünyasında oynamaq istədiyi çirkin oyunların qarşısında keçilməz sədd çəkir.
Bu günün Türkiyəsi FETÖ, PKK kimi terror təşkilatlarına qarşı amansız mübarizə aparır. Regionda bəlli xarici güclərin buyruq qulu olacaq hansısa kukla dövlətin qurulmasına hesablanmış bütün çirkin oyunları pozur.
Bu günün Türkiyəsi özünün müstəqil hərbi sənaye kompleksinə, özü istehsal etdiyi ən müasir döyüş silahlarına malik ölkəyə çevrilib.
Bu günün Türkiyəsi milli bir siyasət həyata keçirir. Bu siyasətin mərkəzində Türkiyənin gücləndirilməsi, həmçinin böyük mədəniyyət coğrafiyaları ilə birlikdə addımların atılması dayanır. Bu siyasətin uğurla reallaşdırılması Türk dünyasının dirçəlməsinə, güc mərkəzi kimi öz müstəqil mövqeyini ifadə etməsinə yol açıb.
Bu günün Türkiyəsi uğurlu mədəni siyasət həyata keçirir. Son 20 il ərzində TRT tərəfindən çəkilən və Türk dünyasının şanlı tarixindən bəhs edən serialların türk dünyasında hansı müsbət reaksiya yaratdığını qeyd etmək kifayətdir. Məhz bu seriallar sözügedən coğrafiyada dirçəlişə, tərəqqiyə, özünədönüşə yol açdı.
Bir zamanlar Azərbaycana cəmi iki helikopter verməyə cəsarət etməyən dünənin Türkiyəsindən fərqli olaraq bu günün Türkiyəsi 2020-ci ildəki 44 günlük Vətən müharibəsində ilk dəqiqələrdən sona qədər Azərbaycanın yanında oldu. Bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində regionda yeni reallıq yaranıb ki, dünyanın bütün gücləri həmin reallıqla barışmaq zorundadır.
Yəni, bu günün Türkiyəsi Türk dünyası ilə bağlı digər məsələlərdə olduğu kimi Qarabağ məsələsində də dik duruş, qətiyyət və əzmkarlıq nümayiş etdirdi. Rəsmi Ankaranın siyasətində Qarabağ məsələsinin təkcə Azərbaycanın deyil, Türkiyənin və Türk dünyasının məsələsi olduğu hər addımda bəyan edildi.
Bu qələbəyə qədər isə Azərbaycan-Türkiyə qardaşlığı öncə iqtisadi sahədə öz sözünü dedi. Bunun ardınca iki qardaş ölkə siyasi-diplomatik və hərbi sahədə də birgə addımlar atdı. 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək düşmənlərimizin xarici havadarlarının öz addımlarında daha korrekt olmasına səbəb oldu.
Bu günün Türkiyəsi Azərbaycanla birlikdə Türk dünyasının gerçək anlamda birləşməsini də təmin edir. Türkiyə-Azərbaycan qardaşlığından güc alan Qarabağ zəfəri təkcə Türk Dövlətləri Təşkilatı çərçivəsində ümumi inteqrasiyaya deyil, həmçinin, türk dövlətləri arasında da ikitərəfli əməkdaşlıqların dərinləşməsinə yol açdı.
Sabahın Türkiyəsinin də güclü, sabahımızın da aydın olması üçün…
Təbii ki, bu sadalananlar da qardaş ölkənin niyə imperialistlərin qəzəbinə tuş gəldiyi haqqında təsəvvür yaratmağa imkan verir. Yəni yuxarıda qeyd etdiyimiz kimi Türkiyə 100 il əvvəl olduğu kimi, bu gün də ağır sınaq qarşısındadır. Bu sınaqdan necə çıxılacağı isə Türkiyəli bacı-qardaşlarımızın mayın 14-dəki seçimindən asılı olacaq. Yəni o dövrdə Osmanlını öz aralarında yağlı tikə kimi bölmək üçün çeşidli ssenarilər quranların nəvə-nəticələri bu gün Türkiyə Cümhuriyyətini yox etmək istəyi ilə babalarının siyasətini davam etdirirlər. Bu qara güclər bütün çirkli planlarını da mayın 14-də keçiriləcək seçkilər üzərində qurublar.
Buna görə də bu seçkilər 100 yaşlı Türkiyə Cümhuriyyəti üçün strateji və tarixi önəm daşıyır. O baxımdan ki, seçkilərdə hansı ideyanın qalib gəlməsi olduqca önəmlidir. Türkiyə ya son 20 ildə reallaşdırılan layihələri davam etdirəcək, ya da yenidən xarici güclərin təsir dairəsində olan, zəif iradəli hökumətlərin idarə etdiyi bir ölkəyə çevriləcək. Son 20 ildə reallaşdırılan layihələr, o cümlədən dünya düzənində Türkiyənin nüfuzunun artmasına hesablanmış addımlar, bir növ, dayandırılacaq.
Beləliklə, sonda bir daha qeyd edək ki, Türkiyənin son 20 ildə, xüsusilə də 2014-cü ildən sonra həyata keçirdiyi siyasətin davam etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Türkiyənin həmin siyasəti davam etdirməsi, qardaş ölkənin gələcəkdə də indiki kimi xarici güclərin qarşısında dik dayanması, qətiyyətli mövqe sərgiləməsi, o cümlədən bundan sonra da hər şeyin istədiyimiz kimi cərəyan etməsi, ən əsası Türk dünyasının sabahının da aydın olması üçün mayın 14-də Türkiyəli bacı-qardaşlarımızın seçimi mühüm rol oynayacaq.
Vüqar İskəndərov
Milli Məclisin deputatı