"TRIPP marşrutu Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməli, regional inteqrasiyanı və Şərq-Qərb bağlantılarını gücləndirməli, Azərbaycan və region üçün qarşılıqlı iqtisadi fayda və rifah yaratmalıdır".
APA xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial hesablarında səhifəsində yayımlanan videomüraciətdə deyib.
“TRIPP layihəsi son bir ildə böyük irəliləyiş əldə edib və qarşıdakı ildə bu proses yalnız sürətlənəcək”, – ABŞ diplomatı deyib.
Karlon həmçinin ABŞ-Azərbaycan strateji tərəfdaşlığından danışıb. O xatırladıb ki, 8 avqust 2025-ci ildə Prezident Donald Tramp və Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərini yeni səviyyəyə qaldırmaq məqsədi daşıyan Anlaşma Memorandumu imzalayıblar.
Onun sözlərinə görə, bu proses bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə imzaladığı ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası ilə davam edib.
Karlon bildirib ki, bundan sonra tərəflər strateji tərəfdaşlığın həyata keçirilməsi istiqamətində işə başlayıblar və Azərbaycanla ABŞ arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin sayı artıb.
Diplomat qeyd edib ki, iyun ayında kritik minerallar sahəsində əməkdaşlıq haqqında yeni Anlaşma Memorandumu imzalanıb, ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçirilib və ABŞ şirkətləri milyardlarla dollar dəyərində kommersiya və investisiya sazişləri imzalayıb.
“Biz hələ yenicə başlayırıq. Qarşıda görüləsi çox iş var”, – Karlon deyib.
ABŞ diplomatı vurğulayıb ki, Prezident Donald Tramp ABŞ-ın Cənubi Qafqazda sülh və rifaha sadiqliyini açıq şəkildə ortaya qoyub.
“Ötən il ərzində əldə etdiyimiz irəliləyiş birgə çalışdığımız zaman nələrin mümkün olduğunu göstərir. Əminəm ki, ölkələrimiz birlikdə qarşıdakı illərdə daha çox mühüm mərhələlərə nail olacaqlar”, – deyə Karlon əlavə edib.