Bank Of Baku

Ərdəbilli fəal: “Dünya ictimaiyyətinin İran rejiminə mənfi münasibəti millətə ruh verir”

Əlirza Ərdəbili

© APA | Əlirza Ərdəbili

# 19 yanvar 2023 17:31 (UTC +04:00)

Topçubaşov Mərkəzində İsveçdə yaşayan ərdəbilli ictimai-siyasi fəal Əlirza Ərdəbilinin iştirakı ilə “Güney Azərbaycan məsələsi beynəlxalq aləmdə” adlı dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbirdə Əlirza Ərdəbili ilə bərabər azərbaycanlı ekspertlər də iştirak edib.

Güneydə baş verən ekoloji, etnik və mədəni diskriminasiya barəsində, həmçinin bu məsələlərin beynəlxalq aləmdə işıqlandırılması müzakirə olunub.

Əlirza Ərdəbili bildirib ki, Azərbaycan Respublikasında güneylə bağlı konsepsiya meydana çıxmaqdadır və bu, sevindirici haldır.

Ərdəbilli fəal deyib ki, İrandakı rejimlə mübarizə azərbaycanlıların öz məsuliyyətindədir, Azərbaycan Respublikası onlara yalnız mənəvi dəstək verə bilər: “Bu gün artıq insan haqları heç bir ölkənin daxili məsələsi deyil, bu, beynəlxalq məsələdir. Belə olan halda Azərbaycan Respublikası güneydəkilərin insan haqlarına dəstək verə bilər. Onların öz ana dilində təhsil almaq hüququnun və digər hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıra, bizim bu mübarizəmizə dəstək verə bilər”.

O qeyd edib ki, Azərbaycan Respublikası bu məsələdə həm də "yumşaq güc"dən istifadə etməlidir: "Məsələn, azərbaycanlı gənclər üçün təhsil imkanları, xüsusilə də humanitar sahələrdə təhsil imkanları təklif etmək olar. Müxtəlif ölkələrdə yaşayan güneyli elm adamları var və onlar Azərbaycana dəvət oluna bilər”.

Əliraz Ərdəbili vurğulayıb ki, çox vaxt sanksiyaların güclü təsiri olmur və İrandakı rejimlərə bənzər rejimlərin qərarlarını dəyişdirmir. Bu rejimləri dəyişdirən öz haqlarını tələb edən insanlardır və bu gün İranda öz haqlarını tələb edən insanlar meydandadır:

“Təbii ki, sanksiyalar və dünya ictimaiyyətinin İran rejiminə qarşı mənfi münasibəti millətə, bu insanlara ruh verir, vətəndaşları öz mübarizəsini davam etdirməyə ruhlandırır. Qeyd etdiyim kimi, digər hallarda sanksiyaların uzun müddətdə heç bir effektiv təsiri olmayıb. Bunun indiyə qədər bir çox nümunəsini görmüşük”.

Ərdəbilli fəal qeyd edib ki, Qərb mediası dinc aksiyalarda öldürülənlərin etnik kimliyi ilə bağlı istədiyini qabardır, istədiyini isə ört-basdır edir: “Qərb mediasının ikili standartı Azərbaycana da məlumdur, siz bununla çox üzləşibsiniz. Bütün bunlara baxmayaraq, biz davam etməli, öz işimizi irəli aparmalıyıq”.

Müzakirə zamanı azərbaycanlı ekspertlər də öz fikirlərini bölüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR