"Fransa Cənubi Qafqaz regionuna münasibətdə çox ciddi səhvlər edir"
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai bildirib.
Nigar Arpadarai deyib ki, İkinci Dünya müharibəsindən sonra Almaniyanın kapitulyasiya aktını imzalayan alman generalları təəccüblənirlər: “Çünki həmin dövrdə Fransa dövlətçiliyini itirmişdi, amma Fransa BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunmuşdu. Çünki Stalin və Ruzvelt Fransadan balans ölkə kimi istifadə edirdilər. Təəssüf ki, indi də elədir. İndi Fransanın ambisiyaları onun real gücü ilə üst-üstə düşmür. Ona görə də Fransa xarici siyasətdə bu gün də belə ciddi səhvlər edir”.
Deputat qeyd edib ki, Fransa siyasi elitası ilə Ermənistan siyasi elitası arasında razılıq var: “Bu, təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə də qarşıdır. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir. Bununla Fransa Ermənistana kömək etmir. Çox təəssüf ki, Ermənistan bunu başa düşmür. Ermənistan ciddi böhran içərisindədir, bu böhrandan çıxış Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlər qurmasındadır. Bu qtənamələr həm də onu göstərir ki, Fransa bizim bölgəmizdə sülh olmasını da istəmir”.
Sədr bildirib ki, Fransanın etdiyi səhv deyil: “Səhv bilməyərəkdən edəndə olur. Bu açıq-aşkar qərəzdir”.
Deputat Kamal Cəfərov hesab edir ki, Fransa Parlamentinin qətnaməsi Ermənistan və Rusiyaya qarşıdır: “Fransalı deputat Ann Lorens, bu qətnamənin şərəf məsələsi olduğunu qeyd edib. Burada hansı şərəfdən söhbət gedə bilər? Xocalı soyqırımı, 4000-ə yaxın Azərbaycanlının taleyinin bu günə qədər məlum olmaması, Edili kütləvi məzarlığı, Ermənistanın basdırdığı minalara görə azərbaycanlılar həlak olanda bu şərəf harada idi? Fransalı deputat Frank Alisiyo və digərləri iftira dolu bu qətnamənin Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə töhfə verəcəyi qənaətindədirlər. Anlamırlar ki, beynəlxalq hüquqa zidd bu qətnamə sülh prosesinə zərbə vurur, Fransanın sülh prosesində hüquqi və mənəvi iştirakını bitirirlər. Prezident İlham Əliyev sonuncu çıxışında, hətta bu qətnamə qəbul olunmamışdan əvvəl Fransanın iştirakı ilə heç bir üç və ya dördtərəfli görüşün keçirilməyəcəyini dedi və qətnamə qəbul olunmamışdan qabaq bu məsələyə siyasi qiymət verildi. Qərəzli və birtərəfli qətnamə nəinki sülh prosesinə, həm də Ermənistana qarşıdır. Ermənistanın səfiri Hasmik iclasda ayaq üstə durur, əzilir-büzülür, həm gülür, həm də kövrəlirdi. Hasmik bu birtərəfli qətnaməyə görə sevinsə də, görünür kövrələndə özü də başa düşür ki, bu qətnamə ilə Fransa sülh prosesinə tərəf ola bilməyəcək. Hasmik onu da çox yaxşı başa düşür ki, Xankəndi və müvəqqəti olaraq həmin ərazidə olan rus sülhməramlıları da dörd tərəfdən nəzarətimiz altındadır.
Rus sülhməramlılar demişkən, bu qətnamə həm də Rusiyaya qarşıdır. Rusiyanın Xarici İşlər Nazirliyinə tövsiyə edirəm ki, Fransa Parlamentinin Rusiyanın fəaliyyətinə verdiyi qiymətə bir daha baxsın və nəticə çıxarsınlar. Çünki Fransa Parlamenti Rusiyanın vasitəçiliyini rəsmi olaraq qəbul etmir. Rusiya sülhməramlıları demişkən, onlar da bizim müraciətlərimizə etinasız yanaşmasın, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd etməsinlər. Hesab edirəm ki, parlament səviyyəsində də bu israrımızı Rusiya Parlamentinə çatdırmalıyıq.
Fransa Parlamentində müzakirələrdə dövlətin mövqeyini ifadə edən Fransanın İnkişaf, Frankofoniya və Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət katibi Zaxarpulunun çıxışına gəlincə, onun bu çıxışı ilə “xoruzun quyruğu” göründü. Fransa dövləti bu günə qədər bu cür iftira dolu qətnamənin Fransanın rəsmi dövlət mövqeyi olmadığını iddia edirdi. Dövlət katibi çıxışının əvvəlində bu qətnamə təşəbbüsünə görə deputatlara təşəkkür edir və yekunda isə Fransa hökumətinin Fransa Parlamentinin Ermənistanla göstərdiyi həmrəylik çağırışını eşitdiyini bildirir. Ona görə beynəlxalq hüquqa zidd qəbul olunmuş qətnamə ilkin olaraq Azərbaycana qarşı olduğu təəssüratını yaratsa da, bu qətnamə elə birinci Fransanın öz milli maraqlarına, sonra Ermənistan və Rusiya Federasiyasına qarşıdır”.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Fransanın canfəşanlığının səbəbi gorbagor olmuş ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsi və Ermənistan vasitəsilə bölgədə qalmaq istəyidir: “Fransaya adekvat və bir az da çox cavab verməliyik. Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidirlər ki, sabahın açılmasının xoruzun quyruğunun görülməsi ilə heç bir əlaqəsi yoxdur”.
Deputat Naqif Həmzəyev Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrini Fransaya qarşı aktivliyə səsləyib: “Fransa Senatında və Milli Assambleyasında olan deputatlara etiraz bildirilməlidir”.
Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib ki, Fransa Milli Assambleyasının noyabrın 30-da Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə ilə həmin ölkə parlamentinin hər iki palatasının üzvləri öz ölkələrinin niyyətini ortaya qoyub: “Azərbaycan BMT qətnamələrini özü həyata keçirdi. Fransa Assambleyasının qəbul etdiyi qərəzli qətnaməsi nəticəsində bəlli oldu ki, rəsmi Parisin Azərbaycanın ərazi bütövlüyü və suverenliyində marağı yoxdur. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, Rusiyanın işğalına görə isə sanksiya tətbiq edən ölkənin Azərbaycan ərazilərinin işğalına səssiz qalması ikiüzlülüyün göstəricisidir. Prezident İlham Əliyev çox qətiyyətli formada bildirdi ki, Fransanın vasitəçiliyini qəbul etməyəcək. Parisi yandıran odur ki, 3 həmsədrin 2-si Azərbaycan və Ermənistan arasında həmsədrliyi davam etdirir, lakin Fransa kənarda qalıb. Bunun günahkarı Fransadakı siyasətçilərdir. Bir gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, amma Fransanın ədalətsizliyi heç zaman unudulmayacaq”.
Vüsal Nəbiyev