Ötən ilin oktyabrında Praqada Ermənistan və Azərbaycan çox mühüm addım ataraq, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyan 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiq qalmalarını təsdiq etdilər. Bunun üçün Fransa Prezidenti və Avropa İttifaqı Şurasının Prezidenti səy göstərdilər.
APA xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Ketrin Kolonna İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdən sonra təşkil edilən mətbuat konfransı zamanı deyib.
“Hesab edirik ki, əldə olunan bu nailiyyəti möhkəmləndirməli və prosesi davam etdirməliyik”, - Kolonna bildirib.
Fransalı nazir qeyd edib ki, sərhədin delimitasiyası üzrə aparılan işlər Ermənistan və Azərbaycan arasında Praqada əldə olunmuş razılaşmaları möhkəmləndirməyə imkan verəcək.
Onun sözlərinə görə, hamı qəbul edir ki, sülhə nail olmaq mürəkkəb və bəzən çox uzun bir prosesdir, lakin bu, uzunmüddətli və sabit sülhə nail olmağa, hər iki ölkə xalqları üçün geniş perspektivlər açmağa imkan verəcək yeganə yoldur.