Bəzi ölkələr Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri çərçivəsində qəsdən Azərbaycana qarşı düşmənçilik münasibəti sərgiləyib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan öz suverenliyini bərpa etmək üçün bu addımları atıb: “Azərbaycan erməni əhaliyə qarşı deyil, onların təhlükəsizliyini təmin edən, qeyri-müəyyənliyi aradan qaldıran addımlar atıb. Biz bunu (Qərb ölkələrinin nümayəndələrinə - red.) anlatdıq. Azərbaycanlı qardaşlarımız atəşkəs bəyanatının imzalanmasından sonra qondarma rejimin özünü buraxmasını səbirlə gözləyib. Lakin bu istiqamətdə bir addım atılmamışdı. Azərbaycan bütün danışıqlarda, ABŞ, Fransa, Belçika, Rusiyada təşkil olunan görüşlərdə iştirak edib. İki məsələ var idi: Qarabağda Azərbaycanın suverenliyinin bərpası və Zəngəzur koridoru. Təəssüf ki, burada da bir addım atılmadı. Azərbaycan da bu görüşlərin nəticəyönümlü deyil, vaxt uzatmaq üçün olduğunu gördü”.
Nazir əlavə edib ki, qondarma rejim artıq özünü buraxıb və erməni əhalinin Azərbaycana reinteqrasiya prosesi başlayıb: “Bu çətin bir prosesdir, bunu qəbul edirik. Lakin hər hansı bir insan ölümü olmadan bu prosesin tamamlanacağına inanırıq”.