Türkiyənin AK partiyası və Azərbaycanın Yeni Azərbaycan Partiyası arasında çox gözəl dostluq münasibətləri var.
Bunu APA-nın Samsuna ezam olunan müxbirinə açıqlamasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, iki partiya arasında əməkdaşlıq sənədləri imzalanıb:
"Bu çərçivədə biz də qardaşların yanında olmaq, dəstək üçün Türkiyədəyik. Ümidvarıq ki, qardaşlarımız düzgün seçim edəcək. Son 20 ildə çoxtərəfli gedən güclü prosesləri izləyib və görürük. Biz buna çox böyük önəm veririk. Ölkələrimiz arasında isti münasibət var. Bizim bir neçə nümayəndə heyətimiz Türkiyənin müxtəlif bölgələrində səfərdədirlər. Biz istərdik ki, hər şəhərdə tədbirlər keçirək və proseslərdə iştirak edək".
Hicran Hüseynova qeyd edib ki, Samsunda bir sıra görüşlərdə iştirak ediblər:
"Görüşlər zamanı bələdiyyə sədri, AK partiyasının Samsun şəhər təşkilatının sədri, Samsun şəhər Valisi və burada yaşayan, təhsil alan həmvətənlilərimizlə görüşdük. Biz gördük ki, Samsun bir çox sahədə inkişaf edən şəhərdir. İqtisadi baxımdan, sənaye baxımından inkişafda olan bir ərazidir. Biz hər görüşdə hiss elədik ki, Azərbaycana olan münasibət çox gözəldir. Dostluq və isti münasibəti hər görüşümüzdə hiss elətdirdilər. Azərbaycanın ən qaranlıq tarixlərində də Türkiyə bizim yanımızda olub, qardaşlığını göstərib. Türkiyə hər zaman qardaş kimi yanımızdadır. 44 günlük Vətən Müharibəsində bizim əsas qələbəmizdə Türkiyənin öz payı var. Çünki qardaş kimi bizə dəstəklərini göstərdilər".
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda böyük quruluculuq işləri gedir:
"Qarabağda və digər bölgələrimizdə ən çox Türkiyə şirkətləri bu quruculuq işlərində iştirak edirlər. Böyük lahiyələrə start veriblər. Düşünürəm ki, seçkilər uğurlu olacaq. Biz buna inanırıq".