“ABŞ Prezidenti Co Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, bu, son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur: “Bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir. Çünki iki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr sonrakı mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevrildi. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ Prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri elə bununla bağlıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini qeyd edib ki, iki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən və perspektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır: “Ancaq şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən başlamış, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla, hərbi-siyasi sahədə əməkdaşlığa qədər olduqca çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ Prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti, yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını, yüksək qiymətləndirdiyini bildirir və ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir”.
Hikmət Babaoğlu ABŞ Prezidentinin Azərbaycanın regionda sabitləşdirici rol oynadığını vurğulamasına da diqqət çəkib: “Bu kontekstə Ukraynaya edilən humanitar yardım amilinə də xüsusi diqqət çəkilir. Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan- ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərini də təyin edir”.