İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibliyi Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaq qərarını tanıyıb.
APA xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.
"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz suveren ərazisində sərhəd-keçid məntəqəsi yaratmaqla bağlı legitim qərarını və addımını tanıyır.
Baş katiblik Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanmış, bütün digər məsələlərlə yanaşı hərbi fəaliyyətlərin dayandırılmasının bəyan edildiyi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatlarına istinad edir və üçtərəfli bəyanatın ruhuna uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır.
Üçtərəfli bəyanata görə Azərbaycanın Laçın-Xankəndi yolu ilə vətəndaşların, avtomobillərin və yüklərin hərəkət təhlükəsizliyini təmin etmək öhdəliyi var.
Baş katiblik sərhəd təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan hökumətinin səlahiyyəti olduğunu, milli təhlükəsizlik, dövlət suverenliyi və qanunun aliliyi üçün zəruri olduğunu tanıyır", - bəyanatda deyilir.
Baş katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasında, Nuakşotda keçirilmiş 49-cu sessiyasının və əvvəlki sessiyaların Azərbaycanla Ermənistan arasında əlaqələrin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı hörmət və tanıma əsasında normallaşmasına dair çağırışını vurğulayır.