Bank Of Baku

İranda azərbaycanlıların yaşadığı əyalətlərdə milli hökumət yaradılması ilə əlaqədar aksiyalar keçirilir - İCMAL

İranda azərbaycanlıların yaşadığı əyalətlərdə milli hökumət yaradılması ilə əlaqədar aksiyalar keçirilir - İCMAL
# 18 aprel 2023 14:27 (UTC +04:00)

Bu həftə də İranın müxtəlif şəhər və əyalətlərində, o cümlədən Əlburz, Gilan, Hörmüzqan, İsfahan, Kürdüstan, Xorasan-Rəzəvi, Xuzistan, Qərbi Azərbaycan, Sistan və Bəlucistan, Tehran və bir sıra əyalətlərdə hökumətin məcburi hicab siyasətinə qarşı etiraz aksiyaları davam edib.

APA xəbər verir ki, Tehran və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib. “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib, hətta bu şüarlar arasında qeyri-etik ifadələr də yer alıb. Habelə, məcburi hicabdan imtina edən qadınlar metroda Xamenei tərəfdarı olan qadın məmurlarla əlbəyaxa olublar.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Sosial şəbəkələrdə yayılan videolardan məlum olur ki, qadınlar məcburi hicaba riayət etmirlər.

Xamenei və Xomeyninin banerlərinin yandırılması ənənəsi də davam etdirilib.

Rəşt şəhərində divarlara həbsdə olan aksiya iştirakçılarının şəkilləri yapışdırılıb, hökumət əleyhinə şüarlar yazılıb.

Görkəmli rejissor Kəyumərs Purəhmədin dəfn mərasimində iştirak edən qadın aktrisalar mərasimə hicabsız qatılıblar.

İranın Azərbaycan türkləri yaşayan əyalətlərində hökumətin hicab siyasətinə qarşı etirazlarla bərabər, vaxtaşırı milli hökumət yaradılması ilə əlaqədar da aksiyalar keçirilir. Bu aksiyalar intensiv və böyük kütləvi xarakter daşımasa da, əhali dövlətin qeyri-fars millətlərə qarşı yürütdüyü ayrı-seçkilik siyasətinə da qarşı narazılığını bildirir. Bu səbəblə də, İranın bir sıra şəhərlərində fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.

Hökumətin hicaba riayət etməyənlərə qarşı icra etdiyi sərt tədbirlər silsiləsi isə davam etməkdədir.

İran daxilində keçirilən etiraz aksiyalarına dəstək məqsədi ilə İrandan kənarda yaşayan iranlılar da vaxtaşırı etiraz yürüşləri təşkil edirlər.

Sosial-iqtisadi vəziyyətdən, ağır yaşayış və iş şərtlərindən narazı əhali etiraz aksiyalarını davam etdirib.

Əhvazda sosial təminat təqaüdçülərinin aksiyası baş tutub.

Şuş şəhərində də təqaüdçülərin aksiyası davam edib.

Tehran Bələdiyyəsinin Nəqliyyata Nəzarət Şirkətinin əməkdaşları da etiraz aksiyası keçiriblər. Onlar iş təhlükəsizliyin təmin edilməsi və digər tələblərinin yerinə yetirilməsini istəyiblər.

Xuzistan əyalətinin Sərbəndər ərazisində isə “Səlman Farsi Neft-Kimya Zavodu”nda qaynaqçılar tətil edib. Ərdəbildə də Telekommunikasiya Şirkətinin işçiləri etiraz aksiyası keçiriblər. Əmək haqlarının ödənilmədiyini bildirən narazı işçilər şirkətin Ərdəbil şəhərindəki inzibati binasının qarşısına toplaşıblar. Onlar bir neçə aydır ki, məvaciblərinin ödənilməsi ilə bağlı vədlərin yalan çıxdığını, əmək haqları verilməsə, etiraz aksiyalarının davamlı olacağını bəyan ediblər.

Bir qrup aviadispetçer Məşhəddə dolanışıq vəziyyətinə, maaş və müavinətlərin artırılması ilə bağlı çoxsaylı vədlərin yerinə yetirilməməsinə etiraz olaraq aksiya keçirib. Eləcə də, Məşhəddə bir qrup tibb bacısı və 115 təcili yardım qrupu İcra hakimiyyəti binası qarşısında etiraz aksiyası keçiriblər.

Mahşəhr Boru Şirkətindən qovulan bir qrup işçi həmin şəhərin qubernatorluğunun girişi qarşısında etiraz aksiyası təşkil edib. Bu işçilər mitinq keçirməklə və əllərində etiraz plakatları daşımaqla qanunsuz olaraq işdən qovulmalarından, sosial təminat hüququndan və əmək təminatı hüququndan məhrum edilmələrindən narazılıqlarını bildiriblər.

Artıq aylarla davam edən kütləvi zəhərlənmə faktları bu həftə ərzində də qeydə alınıb. Belə ki, Bəndər Ginavidə “Həzrəti Zeynəb”, İsfahanda “Şayan”, Şahinşəhrdə “Həzrəti Məsumə”, “Baqeri”, Bürucird şəhərində “Əhmədiyyə” məktəbinə kimyəvi hücum olub. Tehranın Pərdis bölgəsində “Xəyyam”, Ərdəbildə “Bəharan”, “Səma”, “Mərac”, “Pilot Zakir” Divandərədə “Pərvin Etesami”, “Bint-Əl-Həda” qızlar məktəbləri kimyəvi hücuma məruz qalıb. Onlarla qız zəhərlənib, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu açıqlanıb.

Tehranın Şəhriyar bölgəsində “Besət” qızlar məktəbinə hücumdan sonra hökumət qüvvələrinin orada olmasını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Kürdüstan əyalətinin Saqqız şəhərində də 3 məktəbə kimyəvi hücum olub. Təbrizdə isə İslam İnqilabı Qızlar Məktəbinə kimyəvi hücum edilib və məktəblilərdən bəziləri zəhərlənib. “Şəhid Mənuçöhr Ənsari” Qızlar Məktəbi də kimyəvi hücuma məruz qalıb, nəticədə çoxlu sayda şagird ağır vəziyyətdə xəstəxanaya aparılıb. “Əmir Kəbir” oğlanlar məktəbinin də kimyəvi hücuma məruz qalması barədə sosial şəbəkələrdə məlumat verilib.

Məktəblərə kimyəvi hücumu nəticəsində Tehran sakini bir uşaq bir neçə həftə komada qaldıqdan sonra vəfat edib.

Bane şəhərindəki bir neçə məktəb direktoru “Henqav” hüquq müdafiə təşkilatından tələbələrin ailələrinə məlumat verməsini xahiş edib ki, tam təhlükəsizlik təmin olunana qədər uşaqlarını məktəbə göndərməkdən çəkinsinlər.

Parlamentin səhiyyə komitəsinin sədr müavini Murtuza Hatəmi deyib ki, ötən il və bu il dərman və tibbi avadanlıqlar üçün nəzərdə tutulan kreditlərin həcminə görə, bu il mütləq dərman qıtlığı ilə üzləşəcəklər: “Bunun yanından biganə keçib insanların həyatına, sağlamlığına etinasızlıq göstərmək olmaz”.

Statistika Mərkəzinin son nəticələrinə əsasən, 2022-ci ilin qışında ölkədə işsizlik səviyyəsi 9,7%-ə, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Əlburz, İlam, Buşəhr, Şimali Xorasan, Xuzistan, Simnan, Qəzvin, Kirman, Kirmanşah, 9,7%-ə çatıb.

İqtisadiyyat naziri Seyid Ehsan Xanduzi vurğulayıb ki, Nazirlər Kabinetində dəyişikliklərin bir hissəsi qiymət artımı ilə bağlı narazılıq səslərinin eşidilməsi ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR