Bank Of Baku

İsveçrənin sabiq Prezidenti: BMT artıq supergüc deyil

İsveçrənin sabiq Prezidenti: BMT artıq supergüc deyil
# 09 mart 2023 14:37 (UTC +04:00)

Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru "TRT World" aparıcısı və müxbiri Cəfər Hasneyn olub.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko (2005-2010-cu illər) deyib ki, Rusiya-Ukrayna müharibəsi Ukraynanın qələbəsi ilə bitəcək.

Slovakiyanın sabiq Baş naziri İveta Radiçova (2010-2012-ci illər) qeyd edib ki, avropalılar bu məsələyə çox pozitiv yanaşır: “Avropalıların 91 faizi Ukraynaya humanitar yardımı dəstəkləyir. Ukraynalı qaçqınların qəbulu dəstələnir. Eyni zamanda avropalılar Ukraynaya hərbi yardımı vacib sayır. Bu, Ukrayna üçün vacib mesajdır ”.

Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik (1997-2000 və 2001- 2005-ci illər) ABŞ-la Çin arasında Tayvan məsələsi ilə bağlı gərginliyin artmasından narahatlığını dilə gətirib: “Əgər masa ətrafına toplaşsaq, müharibəni başlamarıq. Hazırkı vəziyyət İkinci Dünya müharibəsindən sonra baş verənlərdən tamamilə fərqlidir. Bizə daha güclü regional əməkdaşlıq lazımdır. Bizi NATO qoruyur, bununla bağlı şübhələr yoxdur”.

Kyell Magne Bondevik qeyd edib ki, din sülhü təmin edə bilər: “Amma Rusiya dindən müharibə üçün istifadə edir. Digər tərəfdən, demokratiya və müharibə əks tərəflərdə dayanır. Münaqişəni həll etmək üçün də sülh alətlərindən istifadə edilməlidir. Müharibə yalnız çox zəruri halda bir alət kimi istifadə olunmalıdır. Biz də Ukraynanın Rusiya aqressiyasına qarşı mübarizəsini dəstəkləyirik”.

İsveçrə Konfederasiyasının sabiq Prezidenti Mişelin Kalmi-Rey (2007- 2011-ci illər) dünyanın böhrandan əvvəlki vəziyyətə gətirməyə çalışıldığını söyləyib: “Amma biz artıq yeni dünya dövründə yaşayırıq. Ukrayna ilə bağlı biz sülhü necə bərqərar edə bilərik? Ölkələr arasında dünya nizamı və beynəlxalq hüquq çox vacibdir. Keçən il Ukraynada başlayan müharibə bizə aydın olaraq göstərir ki, BMT artıq supergüc deyil, çoxlu alyanslar ortaya çıxır. Bu proseslər geosiyasidir ”.

İsveçrə Konfederasiyasının sabiq Prezidenti Ukrayna müharibəsinin dəyərlərin münaqişəsi olmadığını vurğulayıb: “Bu, klassik müharibədir, ərazilərin tutulmasına cəhddən söhbət gedir. Ukrayna NATO və BMT-dən zəmanətlər gözləyir. Biz Ukraynaya dəstək vermək, ancaq Rusiya ilə münaqişəyə girmək istəmirik. Əgər Rusiya düşünsə ki, ABŞ-la bu müharibəni aparır, bu zaman nüvə silahının istifadə təhlükəsi də var. Biz elə vəziyyətdəyik ki, uzunmüddətli sülhü bərqərar edəcək razılıq lazımdır. Vladimir Putin hərbi əməliyyatları dayandırmalıdır. Hazırda Ukrayna Prezidenti Vladimir Zelenski xalqının qəhrəmanı kimi qəbul edilir”.

Robert F.Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi nəzərə çatdırıb ki, bu gün Ukraynada baş verənlər faşist Almaniyasının əməllərini xatırladır: “Artıq xüsusi tribunalın yaradılmasından söhbət gedir. Xəstəxanaların bombalanması, təcavüz və digər hallar baş verib. Rusiyanı məsuliyyətdə cəlb etmək yalnız beynəlxalq tribunal yaradılarsa mümkün olacaq. Ukrayna vətəndaşları üçün dua edək. Cəsarət yeganə keyfiyyətdir ki, dünyanı dəyişməyə kömək edəcək. Bu Forumda olanlar ona görə buradadırlar ki, dünyanı dəyişmək istəyirlər. Eşq olsun Ukraynaya!”

NGBM-in həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007-ci illər) Vayra Vike-Freyberqa Rusiya-Ukrayna müharibəsinin ürək ağrıtdığını söyləyib: “Məhz Rusiya Prezidenti ölkəsində qüvvələri konsolidasiya edərək düşündü ki, Rusiyanın ərazilərini daha da böyüdəcək. Rusiyanın hazırda da çox böyük ərazisi var, orada 9 iqlim qurşağı yerləşir. Rusiya Gürcüstanda Cənubi Osetiya və Abxaziyanı, Donetsk və Luqanskda əraziləri işğal etmişdi. Bunu dünyada ən böyük əraziyə malik ölkə edir. Rusiya iddia edir ki, guya Ukrayna işğala cəhd edib. Ancaq Ukrayna torpaqlarını müdafiə edir. Rusiyanın digər iddiası odur ki, sərhədlərinə NATO qüvvələri yaxınlaşır. Bu, yersiz iddiadır. Məsələn, Latviya kimi ölkənin Rusiyaya təhlükə yaratması iddiası gülünc olar. Fransa Prezidenti Emmanuel Makron Rusiyanın simasını saxlamasına çalışırdı. Ancaq burada hansı simadan söhbət gedə bilər? Unutmayaq ki, orada qan axır. Kiməsə kömək etmək istəyiriksə, dəstək təcavüzə məruz qalana olmalıdır. Onu da deyim ki, Şərqi Avropa ölkələri Rusiyaya nifrət etmir. Biz deyə bilmərik ki, latviyalılar ruslara nifrət edir. Ölkəmizdə qarışıq ailələr çoxdur. Biz Rusiyanın öz sərhədləri çərçivəsində qalmasını və qonşularının sərhədlərini keçməməsini istəyirik”.

Nobel mükafatı laureatı Şirin Ebadi panelə videomüraciətində İran rejiminin anormal bir rejim olduğunu vurğulayıb: “İranın Suriya və İraqa müdaxiləsi Tehranın bu ölkələrin sabitliyini pozduğunu göstərir. Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın dikər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığını təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının Azərbaycana müdaxiləyə görə də İran üzr istəməlidir. İranda demokratiyanın olması vacibdir və biz sonda öz məqsədlərimizə nail olacağıq”.

Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik (1997-2000 və 2001- 2005-ci illər) da Ukrayna müharibəsi ilə əlaqədar xüsusi tribunal qurulmasını zəruri sayıb: “Yeni Soyuq müharibədən qorxuram. İnsanlar Ukraynada həyatlarını itirir, eyni zamanda Avropa bir neçə il geriyə atılmış olur. Biz yeni Soyuq müharibəyə doğru gedirik. Ukrayna müharibəsinin nə vaxt bitəcəyi bir sualdır, cavab verə bilmirik. Rusiya Ukraynanın bir hissəsini işğal edib. Ola bilər ki, Rusiyada nəsə baş verə bilər ki, müharibə bitsin. Mən Baş nazirlə Vladimir Putinlə bir neçə dəfə görüşmüşəm, çox rasional idi, demokratiya, Avropaya inteqrasiya istəyirdi. Amma sonra nə oldusa, dəyişdi. Soyuq müharibəni qaçılmaz sayıram”.

Slovakiyanın sabiq Baş naziri İveta Radiçova (2010-2012-ci illər) Rusiyanın yolunu davam etdirmək istədiyini düşünür: “Biz Krımla bağlı bir dəfə səhvi buraxmışıq, bir daha buraxa bilmərik”.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko (2005-2010-cu illər) qeyd edib ki, Ukrayna sonda qələbə qazanacaq: “Amma bunun üçün bir neçə amil vacibdir. Yekdillik əsas amildir. Ukraynanın bütün torpaqları geri qaytarılmalıdır, başqa bir variant ola bilməz. Siyasətçilər də, adi ukraynalılar da belə düşünür. Bundan sonra isə Ukraynanın yenidən qurulması məsələsi var. Nəhayət, dünyada yeni təhlükəsizlik sistemi qurulmalıdır. Avropada təhlükəsizliklə bağlı bir qurum olmalıdır, bir neçə qurum yox. O cümlədən beynəlxalq tribunal qurulmalıdır. Rusiya Prezidenti mühakimə olunmalıdır, Şoyqunun məhkəmə qarşısına gətirilməsi vacibdir. O cümlədən kiçik Putinlər də var. Rusiyada yaşayan xalqlar da artıq səslərini ucaltmalıdır”.

Ukrayna müharibəsinin diplomatik yolla həlli imkanlarına gəlincə, NGBM-in həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007-ci illər) Vayra Vike-Freyberqa Vladimir Putinin karyerasının başlanğıcında demokrat olması barədə fikirlə razılaşmayıb: “Mən də razılaşıram ki, yanılmışam. Mən də Putinlə görüşmüşəm. Latviya müstəqilliyini qazanmaq üçün çətin bir yol keçib. Putin Stalin və digərləri kimi SSRİ-nin bərpa etmək, insanlara qarşı stalinizmi tətbiq etmək istəyirdi. Mən Putinlə qarşı-qarşıya oturanda gördüm ki, onunla dialoq mümkün deyil. Putinin Rusiyanın Qərblə müharibə apardığını düşünməsinə gəlincə, burada dəyərlər məsələsindən gedir. Putin son çıxışında dedi ki, Tövratı oxuyun. Putin Stalinə, Pyotra istinad edir. Bu halda Putin Tövratı oxumaqdan danışanda bizim nələri oxumağımızı istəyir? Rusiyada uşaqlar, yeniyetmələr də artıq döyüşçü kimi yetişdirmək istəyirlər. Rusiyada insanlar hipnozlaşdırılıb, onların oyanması çox vaxt aparacaq. Ruslar bu hipnozdan oyanmalıdır, bunun zamanı gələcək”.

İsveçrə Konfederasiyasının sabiq Prezidenti Mişelin Kalmi-Rey (2007- 2011-ci illər) Rusiya Prezidentinin Qərb, NATO ilə bağlı çıxışlarını dinlədiyini söyləyib: “Bu proseslərin nə il başa çatacağı bilinmir”.

Slovakiyanın sabiq Baş naziri İveta Radiçova (2010-2012-ci illər) Rusiyanın hücumu dayanana qədər Ukraynaya silah və sursat dəstəyi veriləcəyini bildirib: “Bu, hibrid bir müharibədir”.

Robert F. Kennedy İnsan Haqları mərkəzinin Prezidenti Kerri Kennedi Ukrayna Prokurorluğunun 60 minə qədər faktla bağlı araşdırma apardığını nəzərə çatdırıb: “Ukrayna Prokurorluğu bildirir ki, bu cinayətləri törədənlərin hər biri cəzalandırılacaq. Müharibəyə diplomatiya son qoyacaq. Ukraynalılar torpaqları azad edilənə qədər savaşı dayandırmayacaqlar. Ukraynalılar savaşmasalar, bu iş onların uşaqlarının üzərinə düşəcək. ABŞ Ukraynada müharibə ilə bağlı milyardlarla dollar yardım ayırır. Ukraynalılar tək özləri yox, həm də bizlər üçün savaşırlar”.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko (2005-2010-cu illər) müharibədə qələbə üçün milli ruh, birləşmə və silah lazım olduğunu vurğulayıb: “Biz polad kimi birləşmişik. Qələbə üçün bizə həm də silahlar, resurslar lazımdır. Nə qədər çox siyasi qərar qəbul etsək, Putinə o qədər çox şans vermiş oluruq. Onu da nəzərə çatdırım ki, NATO Şərqə doğur hərəkət etmir, Şərq NATO-ya doğru hərəkət edir. Bu səbəbdən Baltik ölkələri NATO üzvü olub. Onu deyim ki, biz “Makron sindromu”ndan əziyyət çəkmirik”.

Norveçin sabiq Baş naziri Kyell Magne Bondevik (1997-2000 və 2001- 2005-ci illər) Çinin Rusiyaya böyük təsiri olduğunu nəzərə çatdırıb.

NGBM-in həmsədri, Latviya Respublikasının sabiq Prezidenti (1999-2007-ci illər) Vayra Vike-Freyberqa qurbanlara dəstək verməməyin əslində vəhşiliyə dəstək vermək olduğunu söyləyib: “Rusiya hərbi qüvvələrini çıxarandan sonra Ukraynada müharibə başa çatacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR