İzmir valiliyində Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti ilə görüş keçirilib.
APA-nın İzmirə ezam olunan müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətlər, eyni zamanda, prioritet məsələlər müzakirə edilib.
Azərbaycan nümayəndə heyətini salamlayan İzmir valisi Yavuz Selim Köşger onları şəhərlərində görməkdən məmnunluğunu ifadə edib.
O bildirib ki, Azərbaycan nümayəndə heyətinin İzmir səfəri onların Türkiyə bir olduqlarının göstəricisidir: "Türkiyə və Azərbaycanın birliyi bundan sonra da davam edəcək. Ölkələrimizi bir-biri ilə bağlayan bağlar var. Bizim qardaşlığımız bütün dünyaya nümunədir. Qarabağ müharibəsində qazanılan qələbə hər birimizin qələbəsidir. Türkiyə və Azərbaycan Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin başçılığı altında çox böyük uğurlar əldə edib. Hər iki dövlətin səyləri nəticəsində Türk Dövlətlər Birliyi yaranıb. Dünyada bir-birilərinə bu qədər yaxın olan başqa dövlətlər yoxdur. Biz iki dövlət, bir millətik. Bunu bütün dünyaya sübut etmişik".
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək iki ölkə arasında olan münasibətlərdən danışıb: "Türkiyə və Azərbaycan doğma ölkələrdir. Türkiyənin böyüklüyü Azərbaycanın böyüklüyüdür. Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb, sənaye sahəsindən, hərb sahəsində qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik".
Millət Məclisin deputatı Fatma Yıldırım qeyd edib ki, Türkiyə günü-gündən daha da güclənir: "Bu gün qardaş ölkəmiz dünyada söz sahibidir. Biz istəyirik ki, Türkiyə həmişə güclü olsun. Əldə olunan nailiyyətlər davam etsin. Biz ümid edirik ki, mayın 28-də keçiriləcək seçkilərdə qazanılmış uğurların davamına Türkiyə xalqı tərəfindən dəstək nümayiş etdiriləcək”.
Millət vəkili Sahib Alıyev də çıxış edərək ki, 28 may seçkilərində Türkiyə xalqına uğurlar arzu edib.
Azərbaycan nümayəndə heyətimiz üzvü, deputat Elman Nəsirov da 44 günlük Qarabağ müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyindən danışıb və təşəkkür edib.
Millət vəkili Mahir Abbaszadə bildirib ki, qardaş ölkədə mayın 14-də keçirilən seçkilər dünyaya demokratiya dərsi verib: "Bununla bağlı Türkiyəyə nəsə demək istəyənlərə cavab oldu. Bu gün Türkiyə çox böyük dövlətdir. Hərbi sənayedə əldə olunan uğurlar hamımızı sevindirir, qardaşlarımızla fəxr edirik. Biz inanırıq ki, Türkiyə xalqı düzgün seçim edəcək".