“Bu gündən etibarən Türkiyədə Prezident və parlament seçkiləri ilə bağlı qardaş Azərbaycanda səsvermə başlayıb. Ölkə üzrə 11 minə yaxın vətəndaşımız səsvermə haqqına sahibdir. Bakıda 9, Naxçıvanda 3 və Gəncədə 3 olmaqla, ümumilikdə 15 seçki qutusu qurulub. Göründüyü kimi vətəndaşlarımız səsvermədə aktif iştirak edirlər. Bu ilki səsvermədə seçicilərin aktivlik faizinin əvvəlki illərə nisbətən artacağı təxmin edilir”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop deyib. Onun sözlərinə görə, səsvermə mayın 7-də, saat 21.00-da tamamlanacaq və nəticələr 14 mayda Türkiyədə səsvermə tamamilə bitdikdən sonra açıqlanaraq hesablanacaq.
Konsul əlavə edib ki, ölkə üzrə qeydiyyatda olan bütün Türkiyə vətəndaşları istədikləri nümayəndəlikdə səs verə bilərlər.
Recep Öztop qeyd edib ki, vətəndaşlar Azərbaycanda 3 gün - 5,6 və 7 may tarixlərində saat 9.00-dan 21.00-ə kimi səs verə bilərlər. Seçki məntəqələrində 5 nümayəndə olmaqla, müşahidəçilər üçün bütün lazımi şərait yaradılıb.
***
10.16
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Gəncədəki Baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə başlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, səsverməyə bu gün saat 9-dan start verilib.
Gəncədə qardaş ölkə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsvermədə iştirak etməsi üçün 3 qutusu qurulub.
Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.
Qeyd edək ki, Türkiyə vətəndaşlarının Azərbaycanda səs verə bilməsi üçün, YSK-nın qərarına əsasən, 5-6-7 may tarixlərində Bakıda 9, Gəncədə 3, Naxçıvanda da 3 ədəd olmaqla cəmi 15 seçki qutusu qurulacaq və bu tarixlərdə saat 9:00-21:00 arasında 12 saat ərzində fasiləsiz şəkildə səsvermə keçiriləcək.