Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesanın sədrlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
APA xəbər verir ki, görüşdə nümayəndə heyəti ilə yanaşı, ADU-nun professor, müəllim və tələbələri, Kuba səfiri Karlos Enrike Valdes de la Konsepsyon və digər rəsmi şəxslər iştirak edib.
ADU rektoru akademik Kamal Abdulla qonaqları salamlayaraq Azərbaycan-Kuba ikitərəfli əlaqələrinin son illərdə daha da inkişaf etdiyini diqqətə çatdırıb: "Kuba müstəqillik uğrunda mübarizə apardı və hazırda dünyanın sayılıb-seçilən ölkələrindən biridir. Dövlət başçısı İlham Əliyev Kuba ilə əlaqələrin möhkəmləndirilməsi üçün əlindən gələni edir. Universitetimizdə ispan dili böyük məhəbbətlə öyrədilir və bu da şübhəsiz ki, Kuba mədəniyyətinin, tarixinin, ədəbiyyatının öyrənilməsinə müsbət təsir göstərir".
Akademik əlavə edib ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olması COVID-19 pandemiyası dövründə də özünü büruzə verdi: “Kubalı həkimlər ölkəmizə gələrək pandemiya ilə mübarizəyə öz töhfələrini verdilər".
Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa çıxışı zamanı onun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: "Biz bura Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün gəlmişik. Sammit zamanı COVID-19 pandemiyası ilə mübarizə və post-pandemiya dövründəki tədbirlər müzakirə olunacaq. Kubanın dostu olan Azərbaycana səfər etmək bizim üçün böyük şərəfdir və dəvətə görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".
Ölkəsinə qarşı bir sıra məhdudiyyətlərin tətbiq edildiyini bildirən vitse-prezident qeyd edib ki, burada məqsəd Kubanın mübarizə ruhunu sındırmaqdır: “Pandemiya dövründə də Kuba yerli istehsal olan peyvəndlərin köməyi ilə mübarizə apardı. Bu mübarizədə Azərbaycanın da ölkəmizə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan hər zaman Kuba ilə münasibətlərin daha da yüksək səviyyəyə çatdırılması üçün müsbət addımlar atır. BMT-də təqdim etdiyimiz blokadaya qarşı qətnamədə ilk səs verən ölkə də məhz Azərbaycan olub. Kubalı gənclərin də Azərbaycanda təhsil alması şübhəsiz ki, ölkəmizdə görülən quruculuq işlərinə öz təsirini göstərib və qeyd edim ki, yüzlərlə kubalı gənc Azərbaycanın təhsil ocaqlarının məzunu olub. Ümumiyyətlə ölkələrimiz arasında əlaqələr hər bir sahədə inkişaf etməkdədir və mən inanıram ki, bu dostluq əlaqələri hər zaman yüksək səviyyədə qorunub saxlanacaq".