Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə ətraflı danışıqlarımız baş tutub. Bu gün azərbaycanlı həmkarımla danışıqlarımız isə planlaşdırdığımızdan da çox davam etdi. Ona görə ki, həqiqətən də bu danışıqlar formal deyil, mahiyyəti üzrə keçib
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Azərbaycan Rusiya Ekspert Şurasının III iclasında çıxışı zamanı bildirib.
İki ölkə arasında münasibətlərin səviyyəsindən danışan Lavrov bildirib ki, Rusiya-Azərbaycan münasibətləri dürüstlük, bərabərhüquqluluq, qarşılıqlı hörmətə, bir-birilərinin maraqlarının nəzərə alınmasına və mehriban qonşuluq prinsiplərinə əsaslanır:
“Mən burada dürüstlüyü xüsusi ilə vurğulamaq istəyirəm. Heç də bütün həmkarlarımız, tərəfdaşlarımız arasında bu keyfiyyət mövcud deyil. Bəli, baxışlarımız 100 faiz üst-üstə düşmür. Fikir ayrılıqlarımız olanda, bir-birimizə dürüst şəkildə izah edirik ki, bu və ya digər vəziyyətlərdə necə fəaliyyət göstərəcəyik. Bu, öz dövlətinin xarici siyasət kursunun dəstəkləmək baxımından düzgün və çox əhəmiyyətli dərəcədə effektivdir. Sözsüz ki, müttəfiqlik haqqında bəyannamənin turbulentli geosiyasi dövrdə icra olunması təsdiq edir ki, bu sənəd konyuktur sənəd deyil, ölkələrimizin və xalqlarımızın köklü maraqlarına cavab verən sənəddir”, - o deyib.