Rusiya stabil, sülhün bərqərar olduğu Cənubi Qafqazın mövcudluğunda maraqlıdır və bizim üçün qardaş olan iki xalqın barışması istiqamətində işlər görürük. İmzalanmış üçtərəfli sənədlər Ermənistan və Azərbaycan arasında normal münasibətlərin qurulması üçün möhkəm özül yaradır.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib.
Rusiya XİN rəhbəri Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər cür dəstəyi verməyə hazır olduqlarını bir daha diqqətə çatdırıb: “Biz başqa tərəflərin bu məsələlərə, ilk öncə sülh sazişinə dair dəstək vermələrinə qarşı deyilik”. Onun sözlərinə görə, lakin bu, səmimi şəkildə, burada daimi sülhün bərqərar olması üçün edildiyi halda mümkündür.