Fransa ən qəddar, qaniçən müstəmləkə sistemi qurub. Bizim düşüncəmizi, ruhumuzu, adət-ənənələrimizi, kimliyimizi əlimizdən almışdılar və bizim onlara boyun əyməyimizi istəyirdilər. Mədəni irsimizi də əlimizdən almağa çalışdılar.
APA xəbər verir ki, bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransda Müstəqil Martinik dövlətinin təmsilçisi Kladuett Duhamel bildirib.
O qeyd edib ki, Fransanın kənd təsərrüfatı siyasəti Martinik xalqını zəhərləyib, onların sağlamlığına ciddi zərər dəyib, ölkədə xərçəng xəstəliyi geniş yayılıb:
“Fransızlara görə biz insan deyilik, onların yanaşması tarixən belə olub ki, "qaradərililər insan deyil, onların mebeldən, əşyadan fərqi yoxdur. Biz söz sahibi olmayan əşyayıq onlar üçün. Bizim torpaqlarımız, ekosistemimiz zəhərlənib, bunu fransızlar edib. Biz artıq ölkəmizdə istehsalla məşğul ola bilmirik, çünki qida tərkibi zəhərlidir, artıq xaricdən, ölkə kənarından idxal olunan mallardan asılı vəziyyətə salınmışıq, bu, məqsədli edilib. Bizim gənclərimiz gələcəkdə nə edəcəyini bilmir, gələcəyimiz kapitansız gəmi kimidir. Gənclərimiz etiraz edəndə onlar həbs olunur. Təsəvvür edin, bir ölkədə bütün hakimlər ağdərilidir, hansı ki, o ölkənin əhalisinin 80 faizindən çoxu qaradərilidir. Bu necə olur?! Biz dekolonizasiya istəyirik, amma biz həm də təzminat istəyirik Fransanın etdiklərinə görə, 250 milyard dəyərində təzminat tələb edirik. Bizim bu təzminata ehtiyacımız var, biz azad, asılı olmayan iqtisadiyyat qurmaq istəyirik.2