Bank Of Baku

Meksika səfiri: Azərbaycanla ticarət dövriyyəsinin həcmi potensialımızı tam əhatə etmir - FOTO

Meksika səfiri: Azərbaycanla ticarət dövriyyəsinin həcmi potensialımızı tam əhatə etmir - FOTO
# 04 dekabr 2023 12:00 (UTC +04:00)

Bakıda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, xanım səfir son bir ildə missiyasını ölkəmizdə davam etdirməsindən məmnunluğunu ifadə edib.

"2022-ci ilin 1 dekabrında Bakıya gəldim və bu ilin 26 yanvarında etimadnaməmi Prezident İlham Əliyevə təqdim etdim, bu günü heç vaxt unutmayacağam. Prezident İlham Əliyevlə görüş zamanı ölkələrimiz arasında münasibətlərin daha geniş spektrinə nəzər saldıq", - səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, iqtisadi əlaqələrin potensialımıza uyğun olmadığı diqqətə çatdırılıb: "Ticarət dövriyyəsinin imkanlarımıza daha yaxın olması üçün görüləcək işlər barədə fikir mübadiləsi aparıldı. Bakıdakı fəaliyyətimi ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə həsr etmişəm. Nazirlər Kabinetinin bir sıra nümayəndələri ilə görüşlər keçirilib. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdük, siyasi müstəvidə ölkələrarası münasibətlər müzakirə mövzusu oldu".

Səfir cari ilin may ayında Mexiko şəhərində Meksika - Azərbaycan Siyasi Məsləhətləşmələr Mexanizminin üçüncü toplantısının keçirildiyini diqqətə çatdırıb: "Şübhəsiz ki, bu toplantıda baş tutan görüşlər, qəbul olunan qərarlar əlaqələrimizin gələcəkdə daha genişmiqyaslı və səmərəli qurulması üçün böyük təkan rolunu oynayıb.

Siyasi müstəvidə görüşlərin digər sahəsinə toxunmaq istəyirəm. Bu ölkələrimiz arasında parlament səviyyəsində əlaqələrin genişləndirilməsidir".

Diplomat meksikalı deputatların Şuşa şəhərinə səfərinin təşkil olunduğunu bildirib və əlavə edib ki, meksikalı millət vəkilləri orada görülən tikinti-yenidənqurma işləri ilə yaxından tanış olub.

"Gördüyümüz kimi, siyasi sahədə görülən işlər çox aktiv fazada davam etdirilib. İkitərəfli ticarət əlaqələrinə gəlincə isə, biz ötən ilki rəqəmlərə nəzər salanda görürük ki, ticarət dövriyyəsinin həcmi 60 milyon dollara yaxın olub ki, bu da mümkün potensialı tam əhatə etmir və daha da artırılması üçün fəaliyyətimizi davam etdiririk. İqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi şübhəsiz ki, daim diqqət mərkəzindədir. Azərbaycan istehlakçıları Meksika məhsullarına böyük maraq göstərir. Bunların sırasında bir sıra ekzotik meyvə-tərəvəzlər və vətəni Meksika olan tekila içkisi də yer alır. Meksika iş adamlarının Azərbaycanda müxtəlif layihələr həyata keçirməsi üçün danışıqlar davam etdirilir", - səfir qeyd edib.

Diplomat onu da bildirib ki, Meksika mədəniyyətini Azərbaycanda tanıtmaq üçün fəal işlər davam etdirilir.

Səfir qeyd edib ki, Azərbaycanla olan əməkdaşlıq təkcə ikitərəfli platformada deyil, çoxtərəfli formatda da inkişaf etdirilir.

“Bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz getdikcə daha da inkişaf etdirilir. Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığa toxunmaq istəyirəm. Azərbaycan bu təşkilata sədrliyi ilə bir sıra tədbirlərə ev sahibliyi edib və biz də Meksika səfirliyi olaraq həmin tədbirlərdə böyük məmnuniyyətlə iştirak etmişik. Onların arasında səhiyyə, təhsil və humanitar sahələrə həsr olunan tədbirləri diqqətə çatdırmaq lazımdır. Qadın hüquqlarının qorunması üzrə həyata keçirilən tədbirlər də tərəfinizdən çox yüksək qiymətləndirib. Azərbaycanın bu sahəyə də xüsusi diqqət ayırması sevindirici haldır.

Bakıda keçirilən UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirləri səviyyəsində tədbiri qeyd etmək istəyirəm. Həmin tədbirdə Meksika da geniş nümayəndə heyəti ilə təmsil olundu. Mən bir daha qadınların cəmiyyətdə təmsil olunması məsələsinə toxunmaq istəyirəm. Meksika bu mövzuya həssas yanaşır və qadınların ölkə həyatında aktiv rol oynamasına diqqət yetirir. Səfirliyimizdə çox sayda xanım əməkdaşlar var. Azərbaycana nəzər salanda da görürük ki, qadınlar ölkənin sosial, siyasi və iqtisadi həyatında mühüm rol oynayır", - diplomat əlavə edib.

Səfir gələn ilin planlarına nəzər salarkən Meksika - Azərbaycan diplomatik əlaqələrin qurulmasının 32 illiyi qeyd ediləcəyini söyləyib.

“Meksikanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin 10 illiyini qeyd edəcəyik", - xanım səfir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR